Rusiyanın Kursk vilayətinin qubernatoru Aleksey Smirnov Ukrayna ilə sərhədyanı regionun bərpası üçün 700 milyard rubl (7 milyard ABŞ dolları) lazım olduğunu bildirib.
Bunu qubernator operativ müşavirədə açıqlayıb.
“Döyüş əməliyyatlarının getdiyi və ya artilleriya, dronların intensiv işlədiyi yerlərdə bizə 118 milyard lazımdır. İlk günlərdən hesablayırıq, Kursk vilayətinin bərpası üçün ümumi xərclər 700 milyarddan çoxdur”, – Smirnov bildirib və qeyd edib ki, qiymətləndirmə müəssisələrə, aqrar-sənaye kompleksinə, sosial müəssisələrə, kommunal infrastruktura və digər obyektlərə dəymiş ziyanı nəzərə alır.
Qeyd edək ki, 2024-cü il üçün Kursk vilayətinin büdcəsi 83,2 milyard rubl gəlir və 88,7 milyard rubl xərc ilə planlaşdırılmışdı. Büdcə kəsiri 5,5 milyard rubl təşkil edib. 2025-ci il üçün büdcə planlaşdırılarkən regional hakimiyyət gözlənilən xərcləri 79,2 milyard rubl qiymətləndirirsə də, noyabrın 7-də Kursk vilayət dumasının spikeri Yuri Amerev federal hakimiyyətdən gələn il üçün 24,9 milyard rubl əlavə maliyyə yardımı istəyib.
Oktyabrın sonunda Kursk vilayəti qubernatorunun müavini Sergey Starodubtsev xeyli az məbləğ – 117 milyard rubl ziyan açıqlamışdı. Sentyabrda Aleksey Smirnov regionun ərazisində döyüş əməliyyatlarından dəyən ziyanı “on milyardlarla rubl” qiymətləndirmişdi.