Dünəndən başlayaraq əsən güclü külək gecə saatlarında Bakı-Qazax yolunun 1 saatdan artıq müddətə bağlı qalmasına səbəb olub.

Hadisə mayın 10-u saat 03:30 radələrində magistralın 16-cı kilometrliyində, Qaradağ rayonu ərazisində baş verib.

Külək “Gəncə Avtomobil Zavodu” İstehsal Birliyinin 150 metr uzunluğundakı dam örtüyünü qopararaq magistral yola atıb. Yolun hər iki istiqamətində hərəkət dayanıb. Bir saatdan artıq yol bağlı qalıb və daha sonra məsul şəxslər əraziyə cəlb edilərək dam örtüyü magistraldan götürülüb.

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, hadisədən bir qədər sonra yol açılıb və nəqliyyatın hərəkəti bərpa edilib.

Hazırda Bakı-Qazax yolunda avtomobillərin hərəkəti üçün hər hansı maneə yoxdur.

İstinadlar Qafqazinfo