
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) rəsmi İrəvanın birliyin işində iştirakını məhdudlaşdırmaq qərarına baxmayaraq, Ermənistana qarşı öhdəliklərini tam şəkildə saxlayır.
Bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib.
“Ermənistan həqiqətən KTMT-nin işində iştirakını məhdudlaşdırıb, lakin qarşılıqlı fəaliyyətin əsas mexanizmləri fəaliyyət göstərir, təşkilatın gündəliyi üzrə işlər davam etdirilir”, – Tasmaqambetov deyib.
O vurğulayıb ki, KTMT-nin Ermənistana qarşı bütün öhdəlikləri təşkilatın nizamnamə məqsəd və prinsiplərinə tam uyğun şəkildə saxlanılır.
KTMT-nin baş katibi onu da qeyd edib ki, İrəvanın seçimi – təşkilatın tərkibində qalmaq və ya təşkilatı tərk etmək – bu müstəqil dövlətin suveren qərarı olacaq.
“Başqa bir məsələ Ermənistanın hazırkı rəhbərliyinin ölkənin üzləşdiyi milli təhlükəsizlik təhdidlərini və risklərini necə qiymətləndirməsidir”, – Tasmaqambetov vurğulayıb.
Eyni zamanda, onun sözlərinə görə, təşkilatın Katibliyinin analitikləri “Ermənistanın KTMT-dən çıxması halında Cənubi Qafqazdakı güc balansının dəyişə biləcəyini qeyd edirlər, lakin bu vəziyyətdə regional təhlükəsizlik amillərinin işləyəcəyini, təsirini proqnozlaşdırmaq və ya hesablamaq olduqca çətindir.