Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının sammitində iştirak etmək üçün Rusiyaya cari səfəri uğurlu olacaq.

Bunu jurnalistlərlə açıqlamasında Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

“Azərbaycan Rusiyanın strateji tərəfdaşı səviyyəsinə yüksəlib. Birincisi, ölkə öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, inamla inkişaf edir, irəliləyir. Ən əsası isə iki ölkənin prezidentləri Vladimir Putin və İlham Əliyev arasında etimad, dürüstlük və etibarlılıq var. Prezidentlər, həm də dövlətlər bir-birinə güvənə bilərlər”, – o bildirib.

Korotçenko qeyd edib ki, güclü dövlətlərin bəzən manipulyasiya etməyə, digər suveren dövlətlərə təzyiq göstərməyə və “ipləri əlinə almağa” çalışdığı müasir şəraitdə Azərbaycan və Rusiya öz maraqlarını qətiyyətlə müdafiə edir.

“Rusiya və Azərbaycan o ölkələrdəndir ki, onlara təzyiq və manipulyasiya etmək mümkün deyil. Biz özümüzü təmin edirik və bu, ən vacib keyfiyyətdir. Özünü təmin etmək, ilk növbədə, siyasi sistemin, iqtisadiyyatın, maliyyənın sabitliyinə əsaslanır, amma ən əsası hər zaman və hər yerdə milli maraqların qorunmasıdır. Ona görə də prezidentlərimiz öz fəaliyyətlərində milli maraqların müdafiəsini ön planda tutan siyasətçilərdir. Bunun sayəsində hesab edirəm ki, Rusiya-Azərbaycan münasibətlərinin parlaq gələcəyi var. Biz bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcək və gücləndirəcəyik”, – o vurğulayıb.

Korotçenko həmçinin qeyd edib ki, MDB formatında regional ittifaqlar gücləndirilir.