
Bu gündən etibarən Bakıda metropolitenə daxil olan bəzi vətəndaşların yoxlanılmasına başlanılıb. Polis bir neçə vətəndaşdan COVID-19 pasportunun olub-olmadığını soruşub.
Bu barədə Report-a danışan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ancaq aktiv koronavirus xəstəliyi şübhəsi olan şəxslər yoxlanılır: “Bakıda metro stansiyalarına daxil olan vətəndaşlardan COVID-19 pasportu, yaxud hər hansı digər sənəd tələb olunmur”.
Onun sözlərinə görə, yoxlama nəticəsində bəzi vətəndaşlar metroya buraxılmır: “Aktiv koronavirus xəstəsi olduğu şübhə doğuran şəxslərin hərarəti ölçülür və yalnız sağlamlığında COVID-19-la bağlı risk olan vətəndaşlar metropolitenə buraxılmır. Digər hallarda metropoliten stansiyalarına giriş tamamilə sərbəstdir”.