Koreyaya (Cənubi) səfər çərçivəsində Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev İNHA Universitetinin rektoru Cho Myeong Voo ilə görüşüb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi görüşdə İNHA Universitetin rektoru Cho Myeong Voo Yaqub Piriyevi yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Rektor iki ölkə arasında inkişaf edən əlaqələrin möhkəmlənməsində təhsil sahəsində olan əməkdaşlığın xüsusi payının olduğunu vurğulayıb. O, hazırda BMU-İNHA ikili diplom proqramı (İDP) çərçivəsində təhsil alan tələbələrin bu münasibətlərin gələcəkdə də inkişafına birbaşa töhvə verəcəyinə inandığını sözlərinə əlavə edib.

Yaqub Piriyev səmimi görüşə və təbriklərə görə minnətdarlığını bildirib. Rektor çıxışında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın önəmi, ikili diplom proqramlarının tətbiqinin üstünlükləri barəsində danışıb. BMU-İNHA İDP-nin icrası üçün dövlət səviyyəsində atılan addımları vurğulayan Yaqub Piriyev 2023-cü il ərzində İDP çərçivəsində İNHA Universitetində təşkil olunmuş “Fakültə təlimi” və “Yay məktəbi’” zamanı həm professor-müəllim heyətinə, həm də tələbələrə yaradılmış şəraitə görə rektor Cho Myeong Vooya  təşəkkürünü bildirib. BMU-İNHA İDP-nin uğurlu icrasından məmnunluğunu ifadə edən Yaqub Piriyev həmkarını Azərbaycana dəvət edib.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Sonra Azərbaycan nümayəndə heyəti İNHA Universitetinə sahə gəzintisində iştirak edib. Gəzinti zamanı, universitetin maddi-texniki bazası, kitabxanası, laboratoriyaları, yeməkxana və yataqxanalarında yaradılmış şərait barəsində məlumat verilib.

Yaqub Piriyev İDP çərçivəsində İNHA Universitetində 4-cü kurs təhsil alan tələbələrin yataqxana şəraiti ilə də tanış olub. Tələbələrin  qayğıları ilə maraqlanan rektor onların həlli istiqamətində öz tövsiyə və təkliflərini bildirib.

Qeyd edək ki, Koreyaya işgüzar səfərin əsas məqsədi BMU-İNHA İDP-nin Rəhbər Komitə iclasında iştirak etmək olub. Bundan əlavə, nümayəndə heyəti Azərbaycanın bu ölkədəki səfirliyində olub, həmçinin İNHA Universitetində təhsil alan BMU-İNHA İDP-nin 61 nəfər tələbəsi ilə görüşüb.