Kolumbiyada vergi islahatlarına qarşı yeddi gün ərzində səngiməyən etiraz aksiyalarında həlak olanların sayı 24-ə yüksəlib, xəsarət alanların sayı 900-ü ötüb.

Etirazların episentri paytaxtın mərkəzindəki tarixi Bolivar meydanı olub. Nümayişçilər növbəti dəfə hökumətin iqtisadi siyasətinə etiraz olaraq yürüş təşkil ediblər.

Bir qrup nümayişçi Milli Konqres binasını daş atəşinə tutub. Polis etirazçıların dağıdılması üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.

Daha bir genişmiqyaslı etiraz aksiyası ölkənin ikinci böyük şəhəri olan Medellində keçirilib. Minlərlə insan, əsasən tələbələr çox sayda insanın həlak olması səbəbindən hökumətin iqtisadi üsullarına və polisin hərəkətlərinə etiraz ediblər.

Minlərlə kolumbiyalı, həmçinin etirazların əsas olaraq dinc xarakter daşıdığı Kali şəhərinin mərkəzində etiraz aksiyasına çıxıblar. Bir sıra nümayişçilər avtomobil yolunu uzun müddət bağlı saxlayıblar.

Kolumbiyada vergi islahatına qarşı etiraz aksiyaları aprelin 28-də yerli icmaların, tələbə qruplarının və müxalifətin müxtəlif seqmentlərinin “milli tətilə” çağırmasından sonra başlayıb.

50-dən çox şəhərdə, o cümlədən Medellin, Kali, Barankilya, Kartaxen və Valle de-Kauka, Boqotada küçələrə çıxmış minlərlə insan hökumətin yeni qanun layihəsinə etiraz ediblər.

Daha əvvəl ölkənin maliyyə və dövlət kreditləri naziri Alberto Karraskilya vergi islahatına qarşı etirazların fonunda istefa vermişdi.

İstinadlar Qafqazinfo