Kolumbiyanın nüfuzlu və geniş oxucu kütləsinə malik olan “Noticias Colombia” xəbər portalında 13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı barədə məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, məqalədə ilk olaraq, respublikamızın Müdafiə Nazirliyinin bəyanatına istinad edilərək, Ermənistan silahlı qüvvələrinin bölmələrinin iki ölkənin dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdiyi, müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirdiyi barədə məlumat verilib. Həmçinin, Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan, o cümlədən minaatanlardan intensiv atəşə tutulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin heyəti arasında itkilərin olduğu, hərbi infrastruktura ziyan dəyməsi qeyd olunub.

Məqalədə, Ermənistanın 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına əməl etmədiyi və öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı və beləliklə regionda normallaşma və sülh proseslərini müxtəlif bəhanələrlə gecikdirdiyi bildirilib.

Məqalədə, respublikamızın bu ölkədəki səfiri Məmməd Talıbovla müsahibəyə istinad edilərək, Azərbaycan hökumətinin Ermənistan tərəfindən regionda ağır texnika və iri çaplı texnikanın yerləşdirilməsi ilə bağlı narahatlığı ifadə olunub və bunun Ermənistan tərəfindən genişmiqyaslı hərbi əməliyyatlara hazırlığın göstəricisi olduğu qeyd edilib. Həmçinin vurğulanıb ki, Ermənistan dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə əməl edərək, öz işğalçılıq siyasətindən əl çəkməlidir.

İstinadlar Report