
Kollektiv Qərb Cənubi Qafqaz regionu üzərindən çox təhlükəli planlar həyata keçirmək istəyir.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Qərb Cənubi Qafqazda özünün əsas geosiyasi rəqibi olan Rusiyaya qarşı üstünlüklərini yaratmaq niyyəti güdür:
“2018-ci ildə Paşinyanın Ermənistanda hakimiyyətə gətirilməsi də onun anti-Rusiya mövqeyi tutmasının nəticəsi idi. Onun rəhbərlik etdiyi hərəkat “Çıxış” adlanırdı. Görünürdü ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi İttifaqından çıxması Paşinyanın əsas hədəfləri idi. Bu dalğa üzərindən hakimiyyətə gətirildi. Kollektiv Qərb onun iradəsinə tabe olmayaraq öz milli maraqları çərçivəsində siyasət yürüdən dövlətləri həzm edə bilmir. Buna görə də Azərbaycana qarşı aşkar qərəzli mövqe sərgiləyir. Ermənistan isə müstəqil siyasət həyata keçirə bilmədiyindən kollektiv Qərbin alətinə çevrilib”.
E.Mirbəşiroğlu qeyd edib ki, aprelin 5-də Brüsseldə başlanan görüş zamanı ictimailəşdirilən və ətrafında müzakirələr aparılan məsələlər tamam fərqli idi:

“Görüşdən öncə bildirildi ki, Ermənistana təhlükəsizlik təminatı veriləcək. Bunun da kimə qarşı olacağı məlumdur. Ermənistan hazırkı yeni reallıqların təsiri altında geri çəkilmək məcburiyyətində qalsa da, Azərbaycana olan ərazi iddialarından əl çəkmir. Aydın görünür ki, rəsmi İrəvan bütün vasitələrə əl ataraq Azərbaycanın yaratdığı reallığı dəyişdirmək istədi. Qərb isə bu istiqamətdə ona kömək etdi. Lakin Azərbaycan Prezidentinin iradəsi, strateji baxışları sayəsində Ermənistan və onun havadarlarının bütün cəhdləri başlanğıcdan fiaskoya uğradı”.
Deputat vurğulayıb ki, Ermənistan və onun havadarları Azərbaycan liderinin iradəsini qəbul etmək məcburiyyətindədir: