Azərbaycanda sosial sahibkarlığın dayanıqlı və sistemli inkişafının təmin edilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı dövlət dəstək mexanizmlərinin inkişaf etdirilməsinə də ehtiyac var.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün keçirilən Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumunda deyib.
Onun sözlərinə görə, fiskal stimullar ilə bərabər, texniki dəstəyin göstərilməsi, xüsusilə də güzəştli maliyyə resurslarına çıxış imkanının genişləndirilməsi sosial sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verə bilər: “Sosial sahibkarlıq sahəsində məlumatlıq səviyyəsinin artırılması və potensialın gücləndirilməsi hökumət və vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilməli olan strateji istiqamətlərdən biridir. Bu məqsədlə sosial sahibkarlığın mahiyyəti və missiyası barədə əhali və bizneslər arasında informativ tədbirlər, təlimlər, mediada məlumatlandırma kampaniyaları, yerli və beynəlxalq səviyyəli kütləvi forumlar təşkil oluna bilər”.