2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların biznes sahəsində bilik və bacarıqlarının yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə 1 047 təlim təşkil edib.
Məlumata görə, təlimlər KOB-ların təlim ehtiyacına uyğun olaraq, satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması, “yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib. 41 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməsi üçün “Almaniya ilə biznes əməkdaşlığı” Proqramı çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.
KOBİA-nın video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 618 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.
Agentlik satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 2 473 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərib, kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 1 137 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək verib.