Klasterləşmə təşəbbüsü olan sahibkarlar bir sıra vergi güzəştlərindən, eləcə də İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) göstərdiyi müxtəlif dəstək və xidmətlərdən faydalana bilərlər.

Bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumata görə, KOBİA-dan “KOB klaster şirkəti şəhadətnaməsi” almış sahibkar 7 il müddətinə mənfəət və yaxud gəlir, torpaq və əmlak vergilərindən tam azad olunur, müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal etdiyi texnika, texnoloji avadanlıq və qurğular üzrə ƏDV-dən tam azad olunur, KOB klasterinin iştirakçısı olan sahibkarların KOB klaster şirkətinə təqdim etdiyi mal mənfəət və yaxud gəlir vergisindən tam azad olunur.

KOBİA isə klasterləşməyə aşağıdakı istiqamətlərdə dəstək göstərir:

  • informasiya və məsləhət xidməti;
  • KOB klasterinin funksional xəritəsinin hazırlanması;
  • KOB klasterin yaradılmasının maliyyə-iqtisadi əsaslandırılmasının hazırlanması;
  • KOB klasterinin iştirakçısının tapılması.

Sahibkarlar klasterləşmə ilə bağlı yuxarıda qeyd edilən dəstəklər üçün KOBİA-ya elektron poçt ([email protected]) və ya rəsmi internet səhifəsi üzərindən birbaşa (https://smb.gov.az/az/contact-form/aze-citizen) müraciət edə bilərlər.

İstinadlar Report