
ABŞ Prezidenti Donald Trampın Marsın tədqiqi və mənimsənilməsi yarışına rəhbərlik etmək vədi Birləşmiş Ştatlar və Çin arasında kosmosda rəqabətin kəskinləşəcəyini göstərir.
Bu barədə “South China Morning Post” (SCMP) qəzeti yazır.
Ekspertlərin fikrincə, bu rəqabət mütləq qarşıdurma xarakterli olmayacaq.
Qəzetin istinad etdiyi Çikaqo Universitetinin politoloqu Yan Dali hesab edir ki, belə rəqabət Çinə “ABŞ-dən öyrənmək” imkanı verə bilər. O bildirib ki, bu yarış “mahiyyətinə görə mütləq intensiv və ya qarşıdurma xarakterli olmaya bilər və bu, bizim adətən təsəvvür etdiyimiz mənfi rəqabət növü deyil”.
Ekspert xatırladıb ki, iş adamı İlon Mask hesab edir ki, kosmosun tədqiqi hansı ölkənin həyata keçirməsindən asılı olmayaraq, bəşər sivilizasiyasının inkişafı üçün həlledici əhəmiyyət kəsb edir. Rəqabət qarşılıqlı öyrənmə prosesidir, Çin şirkətləri “Maskdan öyrənir və təkrar istifadə oluna bilən raketlər hazırlayaraq ona yetişirlər”.