Kürd Fəhlə Partiyası (PKK) bu gün Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığını və özünü ləğv etdiyini elan edə bilər.

Bu barədə vəziyyətlə tanış olan mənbələr məlumat verib.

Mayın 5-dən 7-dək PKK qurultay keçirib və orada partiyanın həbsdə olan lideri Abdullah Öcalanın müraciətini müzakirə ediblər. “PKK qurultayda tarixi əhəmiyyət kəsb edən qərarların qəbul edildiyini və bu qərarların yaxın vaxtlarda müvafiq sənədlər və izahatlarla birlikdə rəsmən elan ediləcəyini bildirib”, – məlumatda deyilir.

Xatırladaq ki, Öcalan 2025-ci ilin fevralında 1978-ci ildə qurduğu təşkilatı silahı yerə qoymağa çağırıb. O, silahlı mübarizəni köhnəlmiş metod adlandırıb və bunu yalnız Türkiyə dövlətinin siyasətinin kürd kimliyini rədd etdiyi və kürdlərin hüquq və azadlıqlarını məhdudlaşdırdığı şəraitdə anlam daşıdığını vurğulayıb. Həbsdə olan PKK lideri Türkiyə hökumətinin son islahatlarının və bölgədəki dəyişikliklərin növbəti silahlı mübarizəni qeyri-mümkün etdiyini söyləyib.

O, bütün kürd silahlı qruplarının silahı yerə qoymalı və PKK-nın mövcudluğuna son qoymalı olduğunu vurğulayıb. Bu, təkcə PKK-nın özünə deyil, onun Suriya, İrandakı strukturlarına, İraq və Türkiyədə də fəaliyyət göstərən Kürdüstan İcmaları Birliyinə (KCK) aiddir.

İstinadlar Report