Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa ölkənin qərbində keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları ilə toqquşmalarda ölkənin təhlükəsizlik qüvvələrinin 200 əməkdaşının öldüyünü təsdiqləyib.

O, bu barədə “Reuters”ə müsahibəsində bildirib.

Söhbətdən edilən çıxarışlara görə, əş-Şaraa müstəqil komitənin araşdırması tamamlanana qədər ölənlərin ümumi sayını açıqlamayacağını söyləyib.

Xatırladaq ki, Əş-Şaraa dünən sahilyanı əyalətlərdə zorakılığın artmasının səbəblərini müəyyən etmək, cinayətləri araşdırmaq və günahkarları məsuliyyətə cəlb etmək üçün yeddi nəfərdən ibarət müstəqil komitə yaradıb.

Dəməşq administrasiyasının yeni başçısı söz verib ki, toqquşma günlərində əksəriyyəti Ələvi icmasına mənsub olan dinc əhaliyə qarşı törədilən cinayətlərdə əli olanların hamısı cəzalandırılacaq. “Suriya hüquqi dövlətdir. Qanun hamıya şamil olunacaq. Biz məzlumları qorumaq üçün mübarizə apardıq və heç kimin qanının haqsız yerə axıdılmasına və hətta bizə ən yaxın olanlar arasında belə kiminsə cəzasız qalmasına icazə verməyəcəyik”, – agentlik prezidentin sözlərindən sitat gətirib.

İstinadlar Report