
Böyük Britaniya Avropa İttifaqını (Aİ) genişləndirmək planları çərçivəsində assosiativ üzvü kimi birliyin tərəfdaşı ola bilər.
Bu barədə “Telegraph” qəzeti yazıb.
“Fransa və Almaniya tərəfindən hazırlanmış Aİ-nin əsaslı şəkildə genişləndirilməsi planları çərçivəsində Böyük Britaniya assosiativ üzv kimi Ai-yə qoşula bilər”, – məqalədə deyilir.
Qeyd olunur ki, rəsmi London institusional islahatlar üzrə Fransa-Almaniya işçi qrupunun tərtib etdiyi hesabatda təklif olunan strukturun dörd səviyyəsindən üçüncüsünə daxil ola bilər.
Assosiativ üzvlər Aİ-yə və onun siyasətlərinə sonrakı inteqrasiya ilə bağlı heç bir öhdəlik daşımayacaqlar. Bununla belə, assosiativ üzv olmaq istəyən ölkələr Avropa vahid bazarında iştirak etmək müqabilində Aİ büdcəsinə ianələr ayırmalı və Avropa Ədalət Məhkəməsinə tabe olmalıdırlar. Üzvlük haqları tam Aİ üzvlərinə nisbətən daha aşağı olacaq, lakin assosiativ üzvlərin daha az imkanları olacaq, məsələn, onların Aİ Həmrəylik Fonduna və Aİ Kənd Təsərrüfatı Fonduna çıxışı olmayacaq.