Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Amerika və Rusiya rəsmilərinin iştirakı ilə Ukrayna münaqişəsi üzrə danışıqların keçirilməsi planlaşdırılır.

Bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, görüşdə Amerika tərəfindən dövlət katibi Marko Rubio, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoffun olacağı gözlənilir.

Rusiya nümayəndə heyətinin tərkibi barədə dəqiq məlumat yoxdur. Lakin bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun krallığa səfəri üçün hazırlıqların getdiyi bildirilib.

Yaxın həftələrdə Ər-Riyadda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş keçirilə bilər.

Paralel olaraq, bu gün Ukrayna Prezidenti Vladimir Zelenskinin də ərəb ölkələrindən birinə –  Birləşmiş Ərəb Əmirliklərinə səfəri başlayıb. O, özünün “telegram” kanalında bildirib ki, səfərinin məqsədi həm əsirlikdə olan vətəndaşlarının vətənə qaytarılması, həm investisiyalar, həm də iqtisadi tərəfdaşlıqdır.