Bu ilin yanvar-sentyabr aylarında Kənd Təsərrüfatı Nazirliyi 5 473 ədəd kənd təsərrüfatı texnikasının və avadanlığının alınması üçün 43,9 milyon manat kredit və 65 milyon manat güzəşt ayırıb.

Bunu nazir Məcnun Məmmədov Bakıda keçirilən “Fermerlərin dəstəklənməsi və Dövlət-Özəl sektoru Əməkdaşlığı” mövzusunda tədbirdə bildirib.

Bundan başqa, o qeyd edib ki, hesabat dövründə 2 513 baş damazlıq heyvanın maliyyələşdirilməsinə 5,7 milyon manat güzəşt ayrılıb, 1 401 sahibkara 16,8 milyon manat güzəştli kreditlər verilib. 398 min 544 kənd təsərrüfatı istehsalçısına bitkiçilik və heyvandarlıq sahələri üzrə 272,5 milyon milyon subsidiya ödənilib.

Nazir qeyd edib ki, əsas məqsəd milli kənd təsərrüfatı ərzaq sistemlərinin inkişafı, ətraf mühitin mühafizəsi, ərzaq təhlükəsizliyi, ticarətin inkişafı, dayanıqlı kənd təsərrüfatı yaratmaqdır.

Onun sözlərinə görə, hazırda Azərbaycan kənd təsərrüfatına dəstək mexanizmlərinə görə qabaqcıl ölkələrdən biridir: “Sektor bütün növ vergi ödəmələrdən azad olub. Bu yaxınlarda, Milli Məclisdə aparılan müzakirələrə əsasən gələn il yanvarın 1-dən sektorunun vergidən azad olunması müddəti daha 4 il uzadılır. Ölkədə fermerləri dəstəkləmək üçün müxtəlif növ güzəşt və kredit mexanizmləri mövcuddur”.

İstinadlar Report