13 yaşında didərgin düşdüyüm doğma yurduma ailəmlə, beş uşaqla qayıdıram.

Bunu bu gün Ağdam rayonunun Sarıcalı kəndinə köç edən Qadir Əliyev deyib.

Keçmiş məcburi köçkün qeyd edib ki, yeniyetməlik yaşında çıxdığı Ağdama 45 yaşında qayıdır:

“Bakının Xəzər rayonu, Binə qəsəbəsində, yataqxana şəraitində köçkünlük həyatı yaşamışıq. Amma bu gün öz yurdumuza, evimizə qayıdırıq.

13 yaşım var idi Ağdamdan çıxanda. Çox çətin günlər yaşadıq, itkilər verdik, amma qazandığımız Zəfər bizim bütün yaralarımıza məlhəm oldu. Artıq ailəmlə, beş uşaqla öz evimə qayıdıram.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə yola salınıb. Bu mərhələdə daha 35 ailə (158 nəfər) öz doğma yurduna köçürülür.

İstinadlar Report