
2024-cü ildə Böyük Britaniyada müsəlmanlara qarşı (islamofobiya) nifrət cinayətləri pik həddə çatıb.
Bu haqda ölkənin müsəlmanlara qarşı nifrət cinayətlərini araşdıran təşkilat “Tell MAMA” hesabat dərc edib.
Hesabata görə, 2024-cü il müsəlmanlara qarşı nifrət cinayətlərinin rekord ili olub və “X” sosial platforması həmin əməllərin əsas mərkəzi kimi qeydə alınıb.
Yazıda qeyd olunub ki, 2012-2022-ci illər arasında nifrət cinayətləri ilə bağlı 20.000-dən çox, son iki ildə isə 10.719 hesabat qeydiyyata alınıb.
Təkcə keçən il cinayətlərin 5837-si təsdiqlənib və bunların 3530-u gündəlik həyatda baş verib.
Fiziki və şifahi hücuma məruz qalanlar arasında müsəlmanların sayının 1029 nəfər olduğu açıqlanıb. Onların 53 faizi hicablı, 30 faizi saqqallı, 3 faizi isə niqablı olub.
Yekun olaraq Böyük Britaniyadakı müsəlmanlar 62% ilə 2024-cü ildə ən çox şifahi və fiziki zorakılığa məruz qalıblar.
Hücumların 45 faizi ictimai yerlərdə, 10 faizi təhsil müəssisələrində, 8 faizi isə iş yerlərində baş verib.
“Tell MAMA” bildirib ki, müsəlmanlara qarşı onlayn cinayətlərin 991-i “X”də, 317-si “TikTok”da və 201-i “Facebook”da baş verib.
Hesabatda internetdə törədilən nifrət cinayətlərinə qarşı daha təsirli mexanizmlərin işlənib hazırlanması tövsiyə edilib və həssas qrupları qorumaq üçün daha çox resurs və təlimlərə ehtiyac olduğuna diqqət çəkilib.