
Bu ilin birinci rübündə Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkətinin magistral və dəniz yolu ilə neft nəqlinin həcmi 14,2 % artaraq 21 milyon tondan çox təşkil edib.
Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, KMG 2024-cü ilin birinci rübü üçün istehsal nəticələrini açıqlayıb.
“Magistral və dəniz yolu ilə neft nəqlinin ümumi həcmi 14,2 % artaraq 21 milyon 541 min tona çatıb. Magistral boru kəmərləri ilə neft nəqlinin həcmi 7,9 % artaraq 18 milyon 081 min ton təşkil edib. Artım neftin Avropaya ixrac həcminin çoxalması, həmçinin Aktau limanından neft tranzitinin və neft daşımalarının həcminin artması ilə əlaqədar olub”, – məlumatda qeyd olunub.
Bu ilin ilk rübündə dəniz yolu ilə neft nəqlinin ümumi həcmi Aralıq dənizi və Xəzər dənizlərindəki həcmlərin artması sayəsində 65,2 % artaraq 3,46 milyon tona çatıb.