Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub – VİDEO

ABŞ Prezidenti Cozef Bayden ölkənin miqrasiya ilə bağlı mövqeyini açıqlayarkən təsadüfən Kanada əvəzinə Çini tərifləyib.
Bu barədə “Fox News” məlumat yayıb.
Bayden Ottavada Kanada parlamentində çıxışı zamanı ABŞ-ın immiqrasiya siyasətini müzakirə edərkən yenidən səhv danışıb.
“Biz Birləşmiş Ştatlarda insan alverini alovlandıran qeyri-qanuni miqrasiyanın qarşısını almaqla təhlükəsiz və humanitar baza təmin etmək üçün qanuni miqrasiya marşrutlarını genişləndiririk. Ona görə də bu gün mən Çinin çıxmasına görə alqışlayıram… Bağışlayın, Kanadanı alqışlayıram”-deməsi parlamentarilərin gülüşünə səbəb olub.
Hansı hallarda məhkum vaxtından əvvəl cəzadan azad edilə bilər? – Video

Cinayətə görə tətbiq edilən cəza fərdi xarakter daşıyır və məhkumluq yaradır. Cəzanın əsas məqsədlərindən biri isə məhkumu cəmiyyət üçün yararlı şəxsə çevirməyə edilən cəhddir. Buna görə də qanunla müəyyən olunan hallarda məhkum vaxtından əvvəl cəzadan azad edilə bilər.
Bəs, sözügedən hallar hansılardır?
“Qafqazinfo” mövzu ilə bağlı İctimai Televiziyanın hazırladığı süjeti təqdim edir:
“Valideynlər deyir ki, icbari tibbi sığorta ilə bütün həkimlərdən keçdik və razı qaldıq” – Video – Fotolar

Artıq bir neçə ildir ki, ölkədə tibbi xidmətlər hər kəs üçün əlçatandır. 6 il əvvəl bir neçə rayonda pilot layihə kimi tətbiqinə başlanılan icbari tibbi sığorta 2021-ci ildən bütün ölkə ərazisini əhatə edir.
Ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilirlər. Burada həmçinin hamiləlik dövründə ana və dölün sağlamlığının tam təminatı üçün Xidmətlər Zərfi çərçivəsində həkim tərəfindən təyin olunmuş tibbi xidmətlər qarşılanır. O cümlədən, icbari tibbi sığorta çərçivəsində uşaqların icbari dispanserizasiyası təşkil edilir.
Hamilə qadınların, uşaqların sağlam həyat tərzi və icbari tibbi sığortanın buradakı rolu necədir? Hamilə qadınların müayinələri, qeydiyyatı, ana südü ilə qidalandırma, uşaqların icbari dispanserizasiyası necə həyata keçirilir? “Qafqazinfo” bu və digər suallara aydınlıq gətirmək üçün 2 nömrəli Qadın Məsləhətxanasının mama-ginekoloqu Vüsalə Səmədova ilə söhbətləşib.
Həkimin sözlərinə görə, hamilə qadınların sağlamlığı icbari tibbi sığorta çərçivəsində ilk növbədə hamiləlik protokolları əsasında qorunur. Hamilələrdən məsləhətxanaya hər gəlişlərində hamiləlik dövrünə uyğun analizlər götürülür: “İlk müayinənin 12-ci həftəyə qədər olması məqsədəuyğundur. İlk müayinədə hamilənin arterial təzyiqi, nəbz sayı ölçülür, bədən kütlə indeksi, boyu, çəkisi yoxlanılır, daxili orqanlarının ilkin müayinəsi aparılır. Eyni zamanda təxmini doğuş tarixi təyin edilir. Sonrakı dövrdə protokol əsasında Xidmətlər Zərfinə daxil olan müvafiq laborator analizlər, ultrasəs müayinələri də həyata keçirilir. Müayinələrin nəticəsinə uyğun hamilələrə yardım edilir, qidalanma rejimi təyin olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bizim müəssisə son inkişaf mərhələsinə uyğun yüksək keyfiyyətli yeni ultrasəs aparatı ilə təmin olunub”.
Müraciət edən hamilələrin sayı artıb
V.Səmədovanın sözlərinə görə, ilkin müayinələrdə mənfi qan qrupuna malik olan hamilələrdə anti-D immunoprofilaktika aparılır. Əks cismlər varsa, digər ixtisaslı müəssisələrə göndəriş verilir. Problem yoxdursa, antirezus verilir, inyeksiyalar icra olunur. Hamilələr tam şəkildə müayinələrini keçmiş şəkildə doğum evlərinə yola salınır. Onlara 32-ci həftəsində hamiləliyin gedişatı haqqında tam informasiya daşıyan mübadilə vərəqəsi təqdim olunur: “Heç də bütün hamilələr bizə fizioloji sağlam müraciət etmirlər. Şəkərli diabetdən, qanazlığından əziyyət çəkən, böyrək patologiyası, talassemiya daşıyıcısı olan hamilələrimiz də var. Ekstragenital problemləri olan hamilələrimizlə bağlı ixtisaslı həkimlərə göndəriş veririk. Onların da müalicələri icbari tibbi sığorta sistemində tam şəkildə təmin olunur. Müəssisə daxilində mümkün olan analizlər götürülür, orada olmayan analizlər üçün başqa müəssisələrə sistemləşdirilmiş şəkildə göndərişlər verilir”.
İcbari tibbi sığortanın Xidmətlər Zərfində doğuş vә qeysəriyyə kəsiyi əməliyyatı qarşılanır. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir.
Həkim həmçinin uşaqların ana südü ilə qidalandırılmasının əhəmiyyəti haqqında da danışıb. Onun sözlərinə görə, ana südü ilə qidalandırmaya doğum evində başlanılır. Yenidoğulmuşun ilk bir saat ərzində anasının dərisinə, süd vəzisinə toxunması, əmmə refleksini icra etməsi çox önəmlidir. Ananın qoxusunu alma, ana südü ilə qidalanma onların yaşam qabiliyyətini çoxaldır, ölüm faizini azaldır: “Bəzən erkən doğuşlar da olur. Bu müddətdə də ilkin bir saat ərzində ana ilə uşaq arasında münasibətin təminatı çox önəm kəsb edir. Ana südünün tərkibi proteinlərlə zəngindir. Bunlar uşaqların immun sisteminin formalaşmasına təsir edir. Uşağı ana südü ilə əmizdirmə ana üçün də faydalıdır, onu süd vəzi xərçəngindən qoruyur. Həmçinin bu ailə planlaması baxımından da faydalıdır.
İcbari tibbi sığortanın tətbiqindən sonra müraciət sayı artdığına görə doğuşa yaxın müddətdə analar südvermə prosesinə hazırlanır. Onlara ana südünün uşaq üçün faydaları izah edilir. Zahılıq dövründə də bu proses davam edir”.
“Xəstəxanaların idarə edilməsi sistemi” sənədləşmə işini asanlaşdırıb
Həmsöhbətimiz hazırda müraciət edən hamilələrin sayının artdığını qeyd edir: “Hamilələrimiz əvvəllər daha çox dağınıq formada, sadəcə doğuş zamanı gəlirdilər. İndi müayinələr gecikdirilmir. Sahələr üzrə patronaj sistemimiz fəaliyyət göstərir. Xidmətlər Zərfinə aid bütün müayinələrimiz müəssisə daxilində keçirildiyinə görə, artıq qadın məsləhətxanasına müraciət edən hamilələrin sayı artıb”.
Mama-ginekoloq deyir ki, “Xəstəxanaların idarə edilməsi sistemi”nin tətbiqindən sonra sənədləşmə işi asanlaşıb. Sistemin tətbiqi ilə pasiyentin digər müəsisələrdə hansı müayinə və müalicələrdən keçdiyini görmək mümkündür.
Bu sistem təkcə hamilələrlə bağlı deyil, 18 yaşınadək uşaqların icbari dispanserizasiyası ilə bağlı da uğurla tətbiq olunur. Bütün uşaqların müayinələrinin nəticələri mövcud sistemə daxil edilir.
1 nömrəli Uşaq Poliklinikasının baş həkimi Ayşən Lemberanskayanın sözlərinə görə, icbari dispanserizasiya həm poliklinika şəraitində, həm bağça, həm də məktəblərdə təşkil olunur. Sistemdə hər bir uşaq haqqında məlumat qeyd olunur. Poliklinikaya yeni bir uşaq qeydiyyata alınırsa, artıq onun daha əvvəl harada qeydiyyatda olduğu, nə vaxt icbari dispanserizasiyadan keçdiyi əks olunur: “Hər bir sağlam uşaq ildə bir dəfə mütləq icbari dispanserizasiyadan keçməlidir. Poliklinikada icbari tibbi sığorta çərçivəsində uşaqların həkim-pediatr, oftalmoloq, otorinolarinqoloq (LOR həkimi), həkim-nevropatoloq, loqoped və stomatoloqlar tərəfindən müayinələri aparılır. Profilaktik müayinələr zamanı onların müxtəlif orqan və sistemlərinin, çəkinin dinamikası və anadangəlmə inkişaf qüsurlarının aşkarlanması, danışıq, qamət, eşitmə, görmə, qulaq, burun, boğaz orqanlarının yoxlanılması və digər tibbi xidmətlər göstərilir.
Həmçinin uşaq bağçaları və məktəblərdə də icbari dispanserizasiya aparılır. Hər ilin əvvəlində icbari dispanserizasiyanın keçirilməsinə dair cədvəl tərtib olunur, həkim briqadası təşkil olunur. Bağçalara gedəcək briqadaya əlavə olaraq, loqoped, məktəblərə isə cərrah-ortoped də daxil edilib.
Məktəbin və ya bağçanın rəhbərliyi ilə əvvəlcədən danışılır və şərait yaradılır ki, qeyd olunan tarixlərdə həkimlər ora getsinlər. Elə məktəb var ki, orada uşaq sayı 2 mindən çoxdur. Ona görə də bəzən bu proses bir neçə gün çəkir. Uşaqlar həkimlər tərəfindən müayinə olunur və hansısa problem yarananda onlar lazım olan mütəxəssislərə yönləndirilir.
İcbari tibbi sığortanın tətbiqindən valideynlər də çox razı qalırlar. Bəzən hətta mənim yanıma gəlib təşəkkürlərini bildirirlər. Deyirlər ki, sığorta ilə bütün həkimlərdən keçdik və çox razı qaldıq”.
Dispanser müayinələrin profilaktik müayinələrdən fərqi nədir?
Müsahibimiz deyir ki, icbari dispanser müayinələr profilaktik müayinələrdən fərqli olaraq sağlam uşaqlara aiddir. Hansısa problem, nasazlıq olanda isə valideynlərin və ya uşaqların şikayətləri əsasında profilaktik müayinələr keçirilir. İcbari dispanserizasiyanın əsas məqsədi xəstəliklərin erkən aşkarlanması və ya hansısa xəstəliyin inkişaf etmədən qarşısının alınmasına yönəlib: “Bəzən elə hallar olur ki, həkim pediatr uşağın ürək tonlarının karlaşması, ürək nahiyəsində küy olmasını müəyyən edir. Belə halda briqadaya təhkim olunmayan poliklinikanın həkim-kardioloquna yönləndirilir. Biz ərazi üzrə poliklinikaya göndəriş veririk və kardioloqun müayinəsindən sonra lazım olduğu halda uşaq dispanser qeydiyyata götürülür, müalicə təyin olunur”.
A.Lemberanskaya deyir ki, artıq poliklinikaya gələnlərin sayı daha çoxdur: “Elə valideynlər var ki, heç uşaqlarında hansısa xəstəliyin olduğunu bilmirlər. Məhz icbari dispanserizasiya sayəsində məlumat alırlar”.
Ağız boşluğu müayinələri niyə lazımdır?
İcbari dispanserizasiya həm də uşaqlarda ağız boşluğunun gigiyenası baxımından əhəmiyyətlidir. Bu prosesə uşaq anadan olandan başlanılır və uşağın sağlamlığına böyük təsir göstərir. Ağızda olan infeksiya anginalara, ürək-damar xəstəliklərinə gətirib çıxara bilər. Ağız boşluğunun müayinəsinin düzgün aparılması ağızda bakteriyaların və onların toksinlərinin yayılmasının qarşısını ala bilər.
İcbari dispanserizasiya zamanı həm stomatoloq, həm də LOR həkim tərəfindən uşaqların ağız boşluğunun gigiyenasına mütləq diqqət yetirilir. Lazım olanda məsləhət verilir və müalicə olunur”.
Uşaqlarda sağlam həyat tərzinin təşviqi ilə bağlı danışan müsahibimiz bildirib ki, sağlam həyatın bu kriteriyaları var: “Düzgün qidalanma, uşaqların fiziki fəallığı, şəxsi gigiyena, sağlam, dolğun yuxu, sağlamlaşdırıcı tədbirlər, sağlam psixi və emosional vəziyyət – bunlar sağlam həyatın kriteriyalarıdır.
Hazırda uşaqların əksəriyyəti miopiyadan əziyyət çəkirlər. Bəzən valideynlər buna fikir vermirlər. Biz aşkar etdikdə poliklinika şəraitində nə lazımdırsa edirik, lakin nəsə ciddi problem olanda xəstəxanaya göndərilir. İcbari dispanserizasiya anadan olandan 18 yaşa qədər uşaqları əhatə edir”.
Beləliklə, hamilələrin vaxtında tibbi müayinələrdən keçməsi və uşaqların icbari dispanserizasiyası onların sağlam inkişafına təminat verir. Bu həm də sağlam gələcəyin təminatıdır.
Gülnar Əliyeva
Foto-video: Müzəffər İsmayılov, Xəyal Vəlizadə
Güclü küləkdə bayrağı belə dəyişdi – Video

Dünən Naxçıvan şəhərinin sakinləri maraqlı və diqqətiçəkən “xilasetmə” əməliyyatının şahidi olublar.
Naxçıvan Hava limanına gedən yolun üzrəində yerləşən bayraq parçasının güclü küləyin təsirindən yararsız vəziyyətə düşdüyünü görən Naxçıvan MR-in Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu mənzərəyə etinasız qala bilməyiblər.
Dərhal qurum rəhbərliyinə məlumat verilib və xilasedicilər tərəfindən xüsusi əməliyyat reallaşdırılıb. Naxçıvan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi vasitələrlə hündür bayraq dirəyinə çıxaraq bayraq parçasının dirəkdə qalan hissəsini çıxarıb. Sonra Xidmətin əməkdaşları tərəfindən dirəyə yeni bayraq bərkidilərək dövlət rəmzimizin yenidən həmin yerdə tam şəkildə dalğalanması təmin olunub.
Həmin əməliyyatın videosunu təqdim edirik:
“Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” – Su satan Elvinin anası – VİDEO

Xəbər verdiyimiz kimi, ötən həftədən sosial şəbəkələrdə vəfat edən atasına başdaşı qoymaq üçün su daşıyıb satdığını deyən 10 yaşlı Elvinin videosu yayılıb.
Baku TV qardaşı Eminlə birlikdə nənəsinin himayəsində yaşayan Elvinin rayonunda (Gədəbəy) olub.
Azyaşlıların nənəsi və anası danışaraq maddi imkanlarının qənaətbəxş olmadığını bildiriblər.
“4 ildir ayrılmışıq. Kimsəsiz insanam, qonşular kömək edir, dolanıram. Aliment də kəsiblər, vallah, verə bilmirəm. Fəhləlik olanda gedib 5-3 manat qazanıram. Elə gün olur ki, ac yatıram… Onlarla görüşmək istəyirəm. Amma məni küçədə görəndə daşa basırlar”, – deyə uşaqların anası deyib.
Daha ətraflı süjetdə:
Bayılda evlərdən birinin üzərinə qaya parçası düşüb – Video

Bayıl qəsəbəsində dərədə tikilən evlərin birinin üzərinə qaya parçası düşüb.
Xoşbəxtlikdən həmin ərəfədə ev sahibləri mənzildə olmayıblar. Bu hadisədən sonra ərazidə yaşayan digər sakinlər də narahat olublar. Çünki hadisənin yenidən təkrarlanacağı təqdirdə sağ qalacaqlarına ümid etmədiklərini bildirirlər.
Hadisə iyun ayının 6-sı baş verib.
2004-cü ildən bəri ərazidə yaşayan sakinlər bildirirlər ki, təpələrdən daşların yuvarlanıb evlərə sarı gəlməsi nadir hal olsa da, əvvəllər yaşanıb.
Ev sahibi isə aidiyyəti qurumların hadisəyə biganə yanaşmasından şikayətçidir.
Məsələ ilə bağlı Fövqəladə Hallar Naziriyindən “Xəzər Xəbər”ə bildirilib ki, quruma bununla bağlı müraciət daxil olub. Ancaq insan faktoru təhlükəsi olmadığına görə aidiyyəti üzrə rayon icra hakimiyyətinə yönəldilib.
Səbail Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən ünvana bir müddət əvvəl yerində baxış keçirilib və lazımi qurumlara rəsmi müraciət olunub.
Daha ətraflı videomaterialda:
Hərbi vəzifəlilərin təlimindən – Video

“N” hərbi hissəsində 2023-cü il üçün hazırlıq planına əsasən ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanışda hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetirilib.
Əvvəlcə hərbi vəzifəlilərə təhlükəsizlik, silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları çatdırılıb.
Təlim sahəsində praktiki vərdişlərini təkmilləşdirən hərbi vəzifəlilər silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və düzgün nişanalma qaydalarına əməl etməklə şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
DİN: “Texniki baxışa təqdim edilməyən 150-dən artıq sürücü saxlanılıb” – VİDEO

Son bir neçə gün ərzində keçirilən belə tədbirlər zamanı 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xəbər verdiyimiz kimi vətəndaş məmnunluğunun təmin edilməsi, eləcə də nəqliyyat vasitələri sahiblərinə fasiləsiz xidmət göstərilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib. Eyni zamanda, xidmətin fasiləsiz təşkili nəticəsində gündüz saatlarında sərnişin daşınması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb. Yaradılan şəraitə baxmayaraq sürücülər arasında müxtəlif yollarla nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək istəməyənlərə hələ də rast gəlinir. Texniki baxışa təqdim edilməyən avtobuslar isə sərnişinlərin və yollarda digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradır.
Araşdırmalar zamanı qeyri-qanuni yollara əl ataraq avtomobili texniki baxışa təqdim etməyən avtobusların əsasən mərkəzdən kənarda, kənd və qəsəbələr arasında fəaliyyət göstərdiyi müəyyən edilib. Həmin sürücülərin, avtobusların məxsus olduğu şirkətlərin müəyyən edilməsi, bu sahədə nizam-intizamın yaradılması məqsədi ilə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Son bir neçə gün ərzində keçirilən belə tədbirlər nəticəsində texniki baxışdan yayınmaq üçün dövlət qeydiyyat nişanlarına müdaxilə edən, habelə digər üsullara əl atan 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb. Həmin sürücülər barəsində qanunauyğun tədbirlər görülüb. Həmin avtobuslardan 100-dən çoxunun dövlət nömrə nişanının dəyişdirilməsi, nasazlıqların aradan qaldırlması və texniki baxışdan keçirilməsi təmin edilib.
Onların mənsub olduğu sərnişindaşıma şirkətləri qarşısında nəqliyyat vasitələrinin dövlət nişanlarının bərpa edilməsi tələbi qoyulub. Sərnişinlərin rahatlığını təmin etmək və avtobusların qısa müddətdə xəttə qayıtması məqsədi ilə onlara dövlət qeydiyyat nişanlarının dəyişdirilməsi, nasazlıqların aradan qaldırılması və texniki baxışdan keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsində xüsusi şərait yaradılıb.
Hər kəsi texniki cəhətdən nasaz avtobuslarla səfər etməyin ağır faciələrə səbəb ola biləcəyini anlamağa və polis əmədakdaşlarının bu sahədə həyata keçirdikləri profilaktik tədbirlərə öz tövhəsini verməyə çağırırıq. Avtomobillərin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısınını alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir.
Xatırladaq ki, sürücülər avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəsi və “902” qaynar xətti ilə əlaqə saxlaya bilərlər.
Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib – VİDEO

Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən gecə FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquz mərtəbəli binanın 6-cı mərtəbəsinin pilləkan qəfəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində pilləkan qəfəsində 3m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Bina və mənzillər yanğından mühafizə olunub.
Mənzil başına çatmaq istəyənlər – Son mənzilə yola salınırlar – VİDEO

Bakıda piyadaların ən çox vurulduğu ərazilər açıqlanıb.
Mövzu ilə bağlı İctimai Televiziya reportaj hazırlayıb.
Bildirilib ki, Bakıda piyadaların ən çox vurulduğu ərazilər Heydər Əliyev, Ziya Bünyadov, Babək, 8 Noyabr Prospekti və Yusif Səfərov küçələridir.
Sözügedən süjeti təqdim edirik:
Yağış Qaxdakı yollarda da məhdudiyyət yaratdı – Video

Qeyri-sabit hava şəraiti nəticəsində gecə saatlarında Qax rayonu ərazisində bir-neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
Bu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Belə ki, güclü külək və yağış nəticəsində Şəki-Qax, Qax-Zaqatala və Qorağan-Qax avtomobil yollarında bir-neçə ərazidə ağacların yollara aşması nəticəsində hərəkət məhdudlaşıb. Bundan başqa rayonun İlisu kəndi ərazisində sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub.
***
İntensiv yağıntılar nəticəsində Qax rayonunun Qaşqaçay və Armudlu kəndlərini birləşdirən Qaşqaçay üzərində yerləşən və səhər saatlarında sel sularının yuyaraq dağıtdığı suötürücü borular bərpa olunub.
Qeyd edilib ki, gələcəkdə bu kimi hadisələrin baş verməsinin qarşısını almaq məqsədi ilə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaşqaçay üzərində 2 aşırımlı və 36 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşası aparılır.
Ümumilikdə baş vermiş təbii fəlakət nəticəsində respublikanın şimal-qərb bölgəsində yol infrastrukturuna və yol qurğularına ciddi ziyan dəyib.
Zakir Həsənov erməni təxribatlarından danışdı – Video

İyunun 7-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən məlumat verilib.
Z.Həsənov macarıstanlı həmkarını Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırıb. Qeyri-qanuni erməni birləşmələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmalarının, əcnəbi vətəndaşların qanunsuz səfərlərinin, Azərbaycanın təbii sərvətlərinin intensiv şəkildə talan olunmasının və bu kimi digər qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulduğunu diqqətə çatdırıb.
Eyni zamanda, qeyd olunub ki, hazırda erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin keçid məntəqəsi vasitəsilə şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə hərəkəti təmin edilir.
Cənab K.Szalay-Bobrovnicski ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Macarıstan ikitərəfli münasibətlərinin bir çox sahədə, o cümlədən hərbi sahədə də uğurla inkişaf etdiyini qeyd edib.
Macarıstanın müdafiə naziri ölkəsinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı dəstəklədiyini və bölgədə dayanıqlı sülhün əldə olunmasına töhfə verməyə hazır olduğunu bildirib.
Naxçıvanlılar Ermənistanın sərhəddə zavod tikməsinə etiraz edir – Video

Ermənistanın Naxçıvanla sərhəddə iri metallurgiya zavodu tikməyə hazırlaşması Sədərək rayonunun sakinlərinin ciddi narahatlığına səbəb olub.
Bununla bağlı Naxçıvan Televiziyası süjet hazırlayıb.
Sakinlərin sözlərinə görə, zavodun inşası ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarında olduğundan, zavoddan çıxan tullantılar çaya axıdılacaq.
Sakinlər bunu Ermənistanın növbəti ekoloji cinayəti hesab edirlər.
Həmin süjeti təqdim edirik:
Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi… – Video

“Habillə mənim çox zarafatlarım olub”.
Bu sözləri İctimai TV-nin verilişində mərhum tarzən Habil Əliyevlə bağlı xatirələrini bölüşərkən xanəndə Arif Babayev deyib.
O, İtaliyaya qastrol səfəri zamanı aralarındakı maraqlı hadisədən danışıb.
Sözügedən videonu təqdim edirik:
Seldən qaçan el… – Video + Fotolar

Türkiyədə yağan şiddətli yağış Samsunda həyatı iflic edib.
Nəticədə Terme çayı daşaraq evləri su basıb.
Təbiət hadisəsi 1 nəfərin həyatına son qoyub.
Rayonun Terme qəsəbəsində tövlə və evlər dağılıb, əkinçilik sahələri və otlaqlara külli miqdarda ziyan dəyib. Sakinlər qəsəbədən təxliyə olunublar.
Sinan Ogan 5 il sonra da… – Video

“2028-ci ildə keçirilən prezident seçkilərində də namizəd olacağam”.
Bunu Türkiyədə “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan qatıldığı verilişlərin birində deyib.
O bildirib ki, siyasi mübarizəsi sona kimi davam edəcək.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ilk turunda “ATA ittifaqı”nın namizədi Sinan Oğan 5,17 faiz səs toplamışdı.
87 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Tütəpeştə kəndində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, xilasedicilər dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1936-ci il təvəllüdlü vətəndaş A.Cahangirova dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.
Həmçinin baxın
“Valideynlər deyir ki, icbari tibbi sığorta ilə bütün həkimlərdən keçdik və razı qaldıq” – Video – Fotolar
“Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” – Su satan Elvinin anası – VİDEO
DİN: “Texniki baxışa təqdim edilməyən 150-dən artıq sürücü saxlanılıb” – VİDEO
Azərbaycan Ordusunda artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib – VİDEO
Taksi görüntüsü yaradaraq narkotik satan “Prius” sürücüsü saxlanılıb – VİDEO
Güney Azərbaycanda 6 min illik qala məhv olmaq təhlükəsi ilə üzləşib – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla