Mark Karni başçılıq etdiyi Kanadanın Liberal Partiyası növbədənkənar parlament seçkilərinə bir həftə qalmış ictimai rəy sorğularında liderlik edir.

Bu, “Nanos Research” şirkətinin Kanada “CTV News” və “The Globe and Mail” üçün keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb.

Liberalların reytinqi 44 % təşkil edir, ana müxalifətdən Mühafizəkar Partiyası isə səslərin 36 %-nə ümid edə bilər. Sol liberallar “Yeni Demokratlar” təxminən 11 %, regional “Kvebek bloku” partiyası isə 6 % səs toplaya bilər.

Şəxsən Mark Karni də kanadalıların rəğbətini qazanıb: respondentlərin 47 %-i məhz onu baş nazir vəzifəsində görmək istədiklərini bildiriblər. Mühafizəkarların lideri Pyer Pualevr 33 %, “Yeni Demokratlar”ın başçısı Caqmit Sinqh isə cəmi 6 %-in etibarını qazanıb.

Karni seçiciləri ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları tətbiq etmək təhlükəsinə qarşı mübarizə üçün ona güclü mandat verməyə çağırıb. Onun fikrincə, Trampın rüsumları və ilhaq haqqında danışıqları böyük təhlükə yaradır və bu, Kanadanın Birləşmiş Ştatlardan asılılığını azaltmalı və iqtisadiyyatını yenidən qurmalı olduğu anlamına gəlir.

“Bizə güclü mandatı, aydın mandatı olan hökumət lazımdır. Bizə bu ana uyğun planı olan hökumət lazımdır”, – Karni Şahzadə Eduard adası əyalətinin Şarlottaun şəhərində seçki tədbirində vurğulayıb.