Oktyabrın 15-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin dəvəti ilə Tbilisiyə səfər edib.

Gürcüstan Prokurorluğunda nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. Kamran Əliyev səmimi qəbula görə təşəkkürünü bildirərək ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə köklənən mehriban dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu vurğulamaqla bu münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.

Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verib. 

Həmçinin, görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən yetkinlik yaşına çatmamış şəxslər barəsində cinayət mühakiməsinin aparılması, nifrət zəminində törədilmiş cinayətlər, məişət zorakılığı, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, korrupsiya cinayətləri, habelə prokurorluq fəaliyyətinin rəqəmsallaşdırılması mövzuları üzrə səmərəli fikir mübadiləsi aparılıb. 

Ölkələrimizin prokurorluq qurumları arasında ikitərəfli hüquqi əməkdaşlığın gücləndirilməsi və mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.  

Nümayəndə heyətimiz tərəfindən Tbilisidə Ulu öndər Heydər Əliyevin adına park ziyarət edilmiş, abidəsi önünə əklil qoyularaq ümummilli liderin xatirəsi ehtiramla yad edilib.