
Azərbaycan Rusiya Federasiyasının Kabardin-Balkar Respublikası (KBR) ilə ticari-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq edəcək.
XII Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu KBR hökumətinin sədri Əli Musukov ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
“Kabardin-Balkar hökumətinin sədri Əli Musukov forum çərçivəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu ilə söhbət edib. Qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, Azərbaycan ilə KBR arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib”, – KBR-in İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Azərbaycan KBR-in əsas ticari-iqtisadi tərəfdaşlarından biridir. 2023-cü ildə Azərbaycana ixracın həcmi 2022-ci illə müqayisədə 5,5% artıb. Əsas ixrac məhsulları şəkər və qənnadı məmulatları, kağız və karton, kakao və kakao məmulatları, taxıl məhsulları olub. Qeyd olunub ki, KBR-də fəaliyyət göstərən müəssisələr Regional İxraca Dəstək Mərkəzinin dəstəyi ilə işgüzar missiyalar və sərgilər çərçivəsində mütəmadi olaraq Azərbaycana səfərlər edirlər.