Serb Respublikasının (Bosniya və Herseqovinanın bir hissəsi) hazırkı prezidenti Jelka Sviyanoviç Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü postu uğrunda mübarizədə qalib gəldiyini elan edib.

Siyasətçi təmsil etdiyi “Müstəqil Sosial Demokratlar İttifaqı” partiyasının qərargahından seçicilər qarşısında bazar ertəsi gecə çıxış edərək qalibiyyət nitqi söyləyib.

“Biz təsdiqlənmiş nəticələrlə xalqın qarşısına çıxmaq qərarına gəldik. Birincisi, seçicilərimə verdikləri dəstəyə görə təşəkkür edirəm, bunun sayəsində Rəyasət Heyətinin üzvü postu uğrunda mübarizədə bu qələbəni qazandım. Mən əvvəllər başqa vəzifələrdə də etdiyim kimi, Serb Respublikasının maraqlarını müdafiə edəcəm”, – Sviyanoviç bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Saud Arnautoviç demişdi ki, bosniyalılardan Denis Beçiroviç (Sosial Demokrat Partiyası), xorvatlardan Boryana Krişto (Xorvatiya Demokratik Birliyi) və serblərdən Sviyanoviç (Müstəqil Sosial Demokratlar İttifaqı) Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvlərinə seçkilərdə liderlik edənlərdəndir.