Qırğızıstan iqlim dəyişikliyi və ekoloji vəziyyətin pisləşməsi məsələlərinə diqqət yetirir, çağırışlara cavab vermək üçün Türk dünyası ölkələri ilə birgə tədbirlər görülməlidir.
Bunu Qırğızıstan Prezidenti Sadır Japarov “Intımak Ordo”da keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
“Qırğızıstan beynəlxalq səviyyədə dağlıq ərazilərlə bağlı gündəliyini irəli sürür. Bu kontekstdə BMT Qırğızıstanın irəli sürdüyü qətnaməni qəbul edib, “Dağlıq regionların inkişafı üçün beşillik fəaliyyət” elan edilib. Biz iqlim məsələlərinin müzakirəsinin hər il uzadılmasını təklif edirik. Qırğızıstan Azərbaycanda keçiriləcək iqlim konfransında bu məsələlərin institutlaşdırılmasını təklif edir”, – o qeyd edib.
Bundan başqa, Japarov Qırğızıstanın təhlükəsizlik məsələlərində də iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.
Qırğızıstan Prezidentinin sözlərinə görə, TDT ölkələri arasında əməkdaşlığın daha bir istiqaməti mədəni-humanitar sahədir.
Bununla əlaqədar Japarov türk irsinin qorunması və yayılması üçün türk xalqları kitabxanasının yaradılmasını təklif edib.