2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında yeni fəaliyyətə başlayan 10 müəssisə tərəfindən ümumilikdə 48,6 milyon manat investisiya yatırılıb.

Bunu Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.

Onun sözlərinə görə, 389 daimi iş yeri yaradılıb: “Bu müəssisələr müxtəlif təyinatlı tikinti materiallarının, ayaqqabıların, dəmiryolu avadanlıqlarının, elektrik və s. məhsulların istehsalı ilə məşğul olurlar. Yeni fəaliyyətə başlayan müəssisələrin çoxunun Ağdam Sənaye Parkında olması xüsusilə qürurverici haldır”.

O bildirib ki, sənaye zonalarında investisiya portfeli 7,9 milyard manat olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib: “Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manat investisiya yatırılıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10 700-dən artıq daimi iş yeri yaradılıb. Həmçinin növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan çox investisiyanın yatırılması, 8 000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur”.

İstinadlar Report