
Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprlə bağlı dəstəkləyici açıqlamaları Orta Asiyadakı türk dövlətlərinə də nümunə olacaq təqdirəlayiq addımdır.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisinin üzvü, İYİ Partiyanın sədr müavini Ayyüce Türkeş Taş bildirib.
Aprelin 9-da ADA Universitetində “Yeni dünya düzəninə doğru” adlı beynəlxalq forumda Azərbaycan Prezidentinin Şimali Kiprlə bağlı dəstəklərini, bundan başqa, VI Antalya Diplomatiya Forumunda (ADF) hər iki ölkə prezidentinin səmimi görüşlərini rəğbətlə izlədiyini bildirən millət vəkili bu addımı Türk dünyası üçün “yaxşı nümunə” adlandırıb:
“Cənab İlham Əliyevin yavru vətənimiz haqqında qətiyyətli, qərarlı mövqeyi, bu ölkənin Türk dünyası üçün nə qədər əhəmiyyətli olduğunu vurğulaması yüksək təqdirə layiqdir və bu addımlar Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan Orta Asiyada Türk dövlətlərinə də yaxşı, nümunəvi davranışlardır”.
Millət vəkili TDT-nin üç üzvü – Qazaxıstan, Qırğızıstan, Özbəkistan və TDT-nin müşahidəçi üzvü Türkmənistanın bir-birinin ardınca Cənubi (yunan) Kiprə səfirlər təyin etməsindən təəssüfləndiyini bildirib:
“Bütün qardaş ölkələrimiz müstəqil, suveren dövlətlərdir. Bu barədə heç kimin deyəcək sözü yoxdur. Onlar öz maraqlarına uyğun siyasət yürüdə bilərlər. Amma bu dövlətlərin Şimali Kipr Türk Cümhuriyyətini işğalçı hesab edən Cənubi Kiprdə səfirliklər açması təhdidedici bir vəziyyətdir. Bunları bölgədəki digər olaylarla, o cümlədən Suriyadakı hadisələrlə paralel olaraq analiz etmək və ümumilikdə nəzərdən keçirmək lazımdır”.
Türkiyənin 1974-cü ildə Kipr adasında “Barış Hərəkatı” icra etməsi məsələsinə toxunan millət vəkili atası Alparslan Türkeşin də əslən Kipr türkü olduğunu xatırladaraq bildirib ki, bu təhdidedici addımlar ailə olaraq da onları kədərləndirir.