İsveçin Tehrandakı səfiri Mattias Oterstedt İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, İsveçin İranın daxili işlərinə müdaxiləsinə etiraz səfirin diqqətinə çatdırılıb.

Xatırladaq ki, martın 7-də İsveçin Xarici İşlər Nazirliyi İran hakimiyyətini barəsində edam qərarı çıxarılmış iranəsilli həkim-alim Əhmədrza Cəlalini dərhal azad etməyə çağırıb.

Bildirilib ki, Əhmədrza Cəlali barəsində edam hökmü çıxarıldıqdan sonra Tehranın Stokholmdakı səfirliyinin başçısı İsveç XİN-ə çağırılıb.

Nazirlikdən qeyd edilib ki, məhbus alimin təcili tibbi yardıma ehtiyacı var.

Qeyd edək ki, İran Ali Məhkəməsinin qərarı ilə İsrailin xarici kəşfiyyatına (Mossad) casusluqda ittiham olunan İran və İsveç vətəndaşı, əslən Azərbaycan türkü Əhmədrza Cəlali barəsində edam hökmü 2022-ci ildə çıxarılıb.

Ali Məhkəmə Əhmədrza Cəlalinin İsrailin xeyrinə casusluq etdiyi üçün barəsində çıxarılan edam hökmünü təsdiqləyib.

Məlumata görə, onun İranın nüvə proqramı ilə bağlı İsrailə ötürdüyü məxfi informasiyalar nəticəsində iranlı iki nüvə alimi öldürülüb. Onlardan birinin İranın aparıcı nüvə fiziki Möhsün Fəxrizadə olduğu iddia edilir. Alim 2020-ci ilin noyabrın 27-də öldürülüb. İranın iddiasına əsasən, onun ölümündə İsrailin xüsusi xidmət orqanları iştirak edib.

İstinadlar Report