İsveçin Yöteborq şəhərində “İsveç Tələbə və Məzun Şəbəkəsi Azərbaycan” İctimai Birliyinin təşkilatçılığı ilə “İsveçdə tələbə və məzunların III sosial yığıncağı” adlı tədbir keçirilib.

Toplantı “İsveç Tələbə və Məzun Şəbəkəsi Azərbaycan” İctimai Birliyi ilə Azərbaycanın İsveç Krallığındakı səfirliyinin əməkdaşlığı çərçivəsində və maliyyə dəstəyi ilə baş tutub.

Tədbirdə İsveçin 8 şəhərindən “İsveç Tələbə və Məzun Şəbəkəsi Azərbaycan” İctimai Birliyinin (“Sweden Students & Alumni Network Azerbaijan”) 40 üzvü iştirak edib.

Daha öncə Stokholm və Lund şəhərlərində də keçirilmiş ənənəvi tədbirin əsas məqsədi İsveçdə təhsil alan və təhsilini başa vuran şəxslər arasında əlaqələri genişləndirmək, sosiallaşmaq və müxtəlif əhəmiyyətli mövzular ətrafında müzakirələr aparmaqdır.

Sosial yığıncaq iştirakçıların Yöteborq şəhərindəki Qustav Adolf meydanında toplaşması ilə başlayıb. Daha sonra iştirakçılar şəhərin tarixi, mədəniyyəti və yerli xüsusiyyətləri ilə tanış olmaq üçün Yöteborq Şəhər Muzeyinə səfər ediblər. Muzey ziyarətindən sonra isə nahar fasiləsində iştirakçılara “Kaukasien” restoranında milli mətbəximizin ləziz təamları təklif edilib.

İctimai Birliyin Məşvərət Şurasının Sədri Rahil Məmmədov, İdarə Heyəti üzvləri Fatimə Taheri və Firuzə Əlizadə tərəfindən iştirakçılara təşkilatın tarixi, fəaliyyət istiqamətləri və keçirilən sosial tədbirlərin məqsədləri barədə məlumat verilib, eləcə də Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov təşkilatın fəaliyyəti və tədbir barədə təəssüratlarını bölüşüb. Həmçinin səfir gənclərin xüsusilə diqqətdə saxlamalı olduqları məqamları, ölkəmizin inkişafı, bu inkişaf yolunda gənclərin rolu və gənclər siyasəti üzrə mühüm məsələlərə toxunmuş, gənclərin bu sahədə aktiv fəaliyyəti ilə bağlı məmnuniyyətini ifadə edib.

İstinadlar Report