“Hər il bayram günlərinə yaxın Nazirlər Kabineti qeyri-iş günlərini elan edir. Lap ərəfəsində. Axı niyə belə gec? İl bəlli, bayramlar bəlli, şənbə-bazarlar bəlli, olmazmı öncədən qərar qəbul edilsin ki, camaat işini bilsin?!”

Bu barədə Azərbaycan Turizm Blogerləri Assosiasiyasının rəhbəri Azər Qəribov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, təqvimdə bu dəyişiklik öncədən olunsa, insanlar əvvəlcədən rahat şəkildə istirahətlə bağlı səfər planlaması edə bilər: “Xaricə gedənlərin sayı ildən ilə artır, insanlar səyahət edirlər, Bakıya uçan yalnız loukosterlərin sayı 18-ə çatıb, amma qeyri-iş günləri əvvəlcədən bilinsə, səfər planlaşdıranlar biletlərini daha ucuz ala bilərlər, ümumiyətlə işlərini müvafiq olaraq düzüb-qoşa bilərlər. Yalnız xaricə deyil, rayonlara gedənlər də hotel rezervasiyasıdır, doğmaları görməkdir, filandır, həttа evində təmir edən də bilər ki, hansı günlər ustaların ayağının altına sərilib yalvarmaq lazımdır, işdən icazə almadan.

Ona görə Nazirlər Kabineti, bir zəhmət, il başlayanda təqvimə nəzər salın lütfən…”

Qeyd edək ki, bu gün Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib. Belə ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 30 dekabr, 31 dekabr və 2024-cü il 7 yanvar istirahət günləri ilə müvafiq olaraq 2024-cü il 3 yanvar, 4 yanvar və 5 yanvar iş günlərinin yerləri dəyişdirilib. 2024-cü ildə 6 yanvar şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə 7 gün – 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.

İstinadlar Qafqazinfo