İsrail Prezidenti İsaak Hersoq bu il Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında ölkəsini təmsil edəcəyini açıqlayıb.

Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

O, prezident sarayında keçirilən görüşdə bildirib ki, iqlim dəyişikliyi çox vacib məsələdir.

Bundan başqa, hazırkı vəziyyətdə İsrail üçün daha da aktuallaşan regional əməkdaşlığı gücləndirmək lazımdır.

Hersoq hökumət rəsmiləri, iş adamları, akademiklər, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, eləcə də ölkəni COP29-da təmsil etmək üçün seçilmiş 20 iqlim startapının iştirakı ilə keçirilən görüşdə qeyd edib ki, bəziləri ölkə müharibə şəraitində olduğu üçün iqlim böhranı ilə bağlı müzakirələrin aparılmasını yersiz hesab etsə də, əslində, hər şey başqa cürdür.

“Təhlükəsizliklə bağlı vəziyyət yalnız ölkənin elektrik sisteminin mərkəzsizləşdirilməsi (hücumlardan qorunmaq üçün), ərzaq təhlükəsizliyi və su təchizatının təmin edilməsi, açıq məkanların və təbiətin mühafizəsinin zəruriliyini vurğulayıb”, – o bildirib və əlavə edib ki, iqlim dəyişikliyi problemi bitməyəcək.