
Fələstinin Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da yerli vaxtla saat 8:30-da qüvvəyə minəcək.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid əl-Ənsari “X” sosial şəbəkəsində məlumat verib.
“Tərəflər və vasitəçilər arasında əldə olunmuş razılığa əsasən, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-u Qəzza vaxtı ilə səhər saat 8:30-da qüvvəyə minəcək”, – o qeyd edib.
Bu gecə İsrail hökuməti Fələstinin HƏMAS hərəkatı ilə Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi barədə sazişi tam təsdiqləyib.
Bu barədə İsrailin “Walla” portalı məlumat yayıb.
Bundan əvvəl isə HƏMAS ilə sazişi İsrailin hərbi-siyasi kabineti təsdiqləmişdi.
Qeyd edək ki, İsrail və HƏMAS arasında razılaşma yanvarın 16-da axşam Dohada əldə edilib.
“Axios” portalı mənbələrə istinadən bildirirdi ki, sazişin bağlanması üzərində ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff, Ağ evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk, habelə Qətər və Misir vasitəçiləri işləyiblər.