
Pakistan hüquq-mühafizə orqanlarının 10 əməkdaşı da daxil olmaqla, ən azı 12 nəfər paytaxt İslamabadda “Ədalət Hərəkatı” müxalifət partiyasının təşkil etdiyi etiraz aksiyası iştirakçıları ilə toqquşmalarda həlak olub.
Bu barədə “Geo TV” telekanalı məlumat yayıb.
Pakistan hüquq-mühafizə orqanları şəhərin mərkəzi rayonlarına doğru hərəkət edən müxalifət tərəfdarlarının kolonunun irəliləməsinin qarşısını almaq və iğtişaşları yatırmaq üçün səy göstərir.
Bildirilib ki, 7 “Rangers” (Pakistanın Daxili İşlər Nazirliyinin hərbiləşdirilmiş bölməsi) əməkdaşı, 2 polis əməkdaşı və ölkənin sərhəd qoşunlarının nümayəndəsi də daxil olmaqla 12 nəfər həlak olub. Qeyd edilib ki, 100-dən çox polis əməkdaşı toqquşmalar zamanı yaralanıb. Məlumata görə, onların bəzilərinin vəziyyəti ağırdır.
Öz növbəsində, Pakistanın Baş naziri Şahbaz Şərif “Ədalət Hərəkatı” müxalifət partiyası tərəfdarlarının ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı hücumlarını qınayıb.