44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Mustafayev Təhmasib Sərməst oğludur.

M. Təhmasib 30 avqust 1989-cu ildə Cəbrayıl rayonun Hasanlı kəndində anadan olub. O, 2018- ci ildən Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin “Atəş” təminatı qrupunun komandiri kimi xidmət edib. Müharibədə Cəbrayıl, Füzuli, Qubadlı, Hadrut, Suqovuşan, Zəngilan şəhərlərinin düşməndən azad edilməsi əməliyyatında iştirak edib. Ən son noyabrın 4-də Şuşa şəhəri istiqamətində gedən döyüşlər zamanı düşmənin atdığı minomyot nəticəsində şəhidlik zirvəsinə ucalıb. Noyabrın 11-də Biləsuvar rayonu 4 saylı qəsəbədəki Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamıyla “Şuşanın azad edilməsinə görə”, “Vətən uğrunda” və “Rəşadət” ordenləri ilə təltif edilib. 

Şəhidimizdən yadigar Faidə adlı 9 aylıq qız övladı qalıb… Hazırda ailəsi Biləsuvar rayonu 11 saylı Cəbrayıl qəsəbəsində məskunlaşıb. 

Şəhidin qardaşı Arzuman Mustafayev saytımıza bildirib ki, sonuncu dəfə qardaşı oktyabrın 29-da valideynləriylə danışıbmış: “Atama hər şeyə hazır olmasını tapşırıb. Deyib ki, çətin döyüşə gedirlər və ondan halallıq istəyib. Atam da ağlayıb və danışa bilməyiblər. Şuşa əməliyyatı zamanı yaralı olub. Ancaq yenə də şəxsi heyəti tək qoymayıb. Şəhid olduğu vaxt ermənilər bunların dayandığı əraziyə minomyotdan atəş açıblar. Qardaşımın  rəhbərlik etdiyi qrup isə bir neçə istiqamətdə mövqe tutubmuş. Digər qrupa da dayanmadan atəş açılanda Təhmasib öz heyətinin yanında olmaq istəyib. Çarpaz gedərək onların yanına çatıb. Elə bu zaman da heyəti ilə birgə şəhid olub. Qardaşım Hacıqabulda zabitlər yataqxanasında qalırdı. İşi ilə əlaqədar yeni doğulmuş övladını da çox az görmüşdü. Onun ən böyük arzularından biri tezliklə işğaldan azad edilmiş ərazilərimizdə elindən-obasından ayrı düşmüş insanlarımızın məskunlaşması idi”. 

Qeyd edək ki, şəhid T. Mustafayev 2008- ci ilin aprel ayında Cəbrayıl rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 2010- cu ildə  hərbi xidməti bitirdikdən sonra öz xahişiylə xüsusi təyinatlı dəstədə xidmət edib. Dəzgahlı qumbaratanın heyət komandiri vəzifəsini icra edib. 

2011- ci ildə öz istəyiylə Türkiyə Jandarma Birliyində dalğıc komando kursunda təhsil alıb. 1 ildən sonra həmin məktəbi bitirib. 2014- ci ildə leytenant hərbi rütbəsi alıb. N saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlayıb.