
“Fransa Prezidenti Emmanuel Makronun son açıqlamaları bir daha bu ölkənin Azərbaycana qarşı qərəzli mövqedən çıxış etdiyini göstərir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Fransa Prezidenti Emmanuel Makronun Qarabağın erməni sakinlərinin hüquqlarının pozulduğuna dair iddialarına münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüququn bütün tələblərinə tam şəkildə riayət edilib: “Ona görə də Azərbaycan dövləti Qarabağın erməni sakinlərinin təhlükəsizliyinin və rifahının təmin olunması üçün bütün zəruri addımları atmağa hazır olduğunu dəfələrlə bəyan edib”.
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüşlərin keçirildiyini xatırladan deputat vurğulayıb ki, bölgədə enerji təchizatının bərpa edilməsi, eləcə də ehtiyacı olan sakinlərə tibbi və digər xidmətlərin göstərilməsi istiqamətində müvafiq dövlət qurumları tərəfindən addımlar atılır.
S.Məmmədov vurğulayıb ki, eyni zamanda, təhlükəsizliklə bağlı tədbirlər həyata keçirilir: “Ermənistanın baş naziri Nikol Paşinyan da öz çıxışında Qarabağın erməni sakinləri üçün təhlükənin olmadığını qeyd etmişdi. Belə olan halda Fransa prezidentinin tamamilə əsassız, heç bir real fakta istinad etməyən açıqlama verməsi təəssüf doğurur. Əlcəzairdə, Tunisdə, Mərakeşdə və digər ölkələrdə yerli xalqlara qarşı kütləvi qətllər törətmiş bir ölkənin rəhbərinin Azərbaycana qarşı bu cür iddialarla çıxış etməsi yolverilməzdir. Xüsusilə də ona görə ki, bizim ölkəmiz hər zaman multikulturalizm və tolerantlıq ənənələri ilə dünyada tanınıb”.