“Uşaq qatili, ölü oğrusu hakimiyyət”.

Bunu İran kinosunun tanınmış aktyoru Həmid Fərruxnejad instaqram səhifəsində video yayımlayaraq ölkə hakimiyyətinə xitabən yazıb.

O, Çin Xalq Respublikasının lideri Si Cinpin dekabrın 7-9-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən sammitdə iştirakına işarə edərək bildirib: “Küləklər mövsüm dəyişikliyindən xəbər verir! Çinli ərbabınızın (ağanız – red.) sizə arxa çevirməsi mühüm mesaj verir. Onlar artıq uduzan at üzərində mərc etmirlər. Tezliklə, Putin ərbabınızın da baş barmağını görməyi gözləyin”.

Qeyd edək ki, bu zirvə toplantısının yekun sənədində Birləşmiş Ərəb Əmirliklərinin Əbu Musa, Böyük Tomb və Kiçik Tomb adalarından bəhs olunub. Həmin adalar BƏƏ-nin ayrılmaz tərkib hissəsi sayılıb. İran bu adaları öz ərazisi sayır. Ötən gün İran Prezidenti İbrahim Rəisi Tehranda səfərdə olan Çin Baş nazirinin müavini Xu Çunxuaya bununla bağlı öz etirazını bildirib.