Dövlət Departamenti bildirib ki, 1979-cu il İslam inqilabından sonra Vaşinqtonla diplomatik əlaqələri olmayan İran bazar günü dumanlı havada Rəisinin köhnəlmiş helikopterinin qəzaya uğramasından dərhal sonra ABŞ-dan yardım istəyib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərə bildirib ki, “İran hökuməti bizdən kömək istəyib”.

“Biz kömək etməyə hazır olduğumuzu söylədik və bu, oxşar  vəziyyətdə istənilən hökumətə münasibətdə edəcəyimiz bir şeydir”.

“Amma, əsasən logistik səbəblərə görə biz bu yardımı təmin edə bilmədik”.

O, təfərrüatlara varmaqdan və iki ölkənin necə ünsiyyət qurduğunu təsvir etməkdən imtina edib. ABŞ rəsmisi İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian və daha 7 nəfərlə birlikdə həlak olan Rəisinin helikopterinin tapılması üçün Tehranın Vaşinqtondan dərhal kömək istədiyini bildirib.

Dövlət Departamenti açıqlamasında ölənlərlə bağlı “rəsmi başsağlığı” verib.

“İran yeni prezidenti seçərkən, biz İran xalqını və onun insan haqları və əsas azadlıqlar uğrunda mübarizəsini dəstəklədiyimizi bir daha təsdiqləyirik”, – bəyanatda deyilir.

Prezident Joe Biden administrasiyası başsağlığı verməyi standart protokol kimi xarakterizə edib və bunu ədliyyə rəhbəri olarkən siyasi məhbusların kütləvi edamlarına rəhbərlik edən və prezidentliyi dövründə qadınların başçılıq etdiyi kütləvi etirazları yatıran Raisiyə dəstək kimi yozmamağa çağırıb.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi isə jurnalistlərə bildirib ki, Raisi “vəhşicəsinə” törədilmiş hüquqazidd əməllərə görə məsuliyyət daşıyır: “O, əlləri çox qana bulaşmış bir adam idi”.

Kirbi, bununla belə, “hər hansı digər vəziyyətdə olduğu kimi, biz, əlbəttə ki, insan itkisinə görə təəssüflənirik və lazım gəldikdə rəsmi başsağlığı veririk” deyib.

Həmişə olmasa da, bəzən ABŞ keçmişdə  düşmən sayılan İosif Stalin, Kim İl Sen və Fidel Kastro kimi liderlərin vəfatı ilə bağlı başsağlıqları verib.