İranın Tehran şəhər inqilab məhkəməsi tənqidçi-karikaturaçı Atena Fərqdanini 6 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə onun vəkili Məhəmməd Mühimi “X” səhifəsində yayıb.

Onun sözlərinə görə, karikaturaçı xanım “müqəddəsləri təhqir etmək” və “rejim əleyhinə təbliğat aparmaq” maddələri üzrə ittiham olunub.

Bildirilib ki, Atena Fərqdani karikaturaçı, rəssam və uşaq hüquqları müdafiəçisidir. O, ilk dəfə 2014-cü ilin sentyabrında İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) kəşfiyyat agentləri onun evinə basqın edərkən həbs edilib. Həmin hadisədən iki ay sonra noyabrda təcridxananda qanunsuz saxlanılmasına etiraz olaraq aclıq aksiyası keçirib. Səhhəti pisləşdiyi üçün zaminə buraxılıb.

Parlamentdə doğumun sayının artırılması və əhalinin azalmasının qarşısının alınması ilə bağlı qanun layihəsinə yenidən baxılmasına etiraz olaraq deputatların karikaturasını çəkməsi onun həbsinə səbəb olub. Atina Fərqdani çəkdiyi həmin rəsmdə deputatları meymuna və keçiyə oxşadıb.

İran məhkəməsi kürd etnik qrupunun nümayəndəsi din xadimi Məhəmməd Xizrancad barəsində çıxardığı ölüm hökmünü ömürlü azadlıqdan məhrumetmə cəzası ilə əvəzləyib. O. ölkənin “ərazi bütövlüyü və müstəqilliyinə qarşı” fəaliyyət göstərməkdə ittiham olunub.

İstinadlar Report