İranda etiraz aksiyaları davam edir.

Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) bölgəsində hökumət zabitinin evi “Molotov” kokteyli ilə yandırılıb. Ərdəbil əyalətində etirazçılar Ədliyyə İdarəsinin binasını yandırıblar. Gülüstan əyalətində türkmənlərin kompakt yaşadığı Qorqan şəhərində təhlükəsizlik qüvvələrinin öldürdüyü gənc həkim Aida Rüstəminin 40 mərasiminə basqın edilib. Fars əyalətinin Firuzabad şəhərində etirazçılar cümə imamının ofisini yandırıblar. Hürmüzqan əyalətinin Bəndər-Abbas şəhərində etirazçılar “Diktatora ölüm!” şüarı səsləndiriblər. Qum əyalətinin Qum şəhərində etirazçı gənclər “Əl-Zəhra” dini mərkəzinin “Bəsic” bazasını yandırıblar.

Bəndər-Abbas, Ərdəbil, Firuzabad, Qum, Sulduz, Tehran şəhərlərində etirazlar zamanı etirazçılar Xameneiyə qarşı “Müsəlmanların rəhbəridir, Rusiya ilə Çinin nökəridir!”, “İllər boyu cinayət, ölüm ola bu dini rəhbərə!”, “Diktatora ölüm!”, “Edamçı Respublika sisteminə ölüm!” kimi şüalar səsləndirilib. İordaniya meydanında etirazçılar piyada keçidində “Saçlarını küləyə ver ki, onu bada verməyəsən!” şüarı yer almış poster vurublar. Tehranpars qəsəbəsində əhali öz evlərinin pəncərəsindən “İllər boyu cinayət, ölüm ola bu dini rəhbərə!”, “Diktatora ölüm!”, “Edamçı Respublika sisteminə ölüm!” kimi anti-hökumət şüarları səsləndiriblər. Qızıl Hisar və Kərəcin mərkəzi zindanında edam cəzasına məhkum olunanların ailələri və yaxınları Məhkəmə Hakimiyyəti binasının önündə etiraz aksiyası keçiriblər. Onlar əllərində “Edam etməyin!” yazılı plakatlar tutaraq və etiraz şüarları səsləndirərək, yaxınlarının edam hökmünün ləğv edilməsini tələb ediblər.

İranın bir qrup sənət adamı həbs olunan tələbə və sənətçiləri dəstəkləyən bəyanat yayıb. Bəyanatda həbsə atılan sənətçilərin “dərhal və qeyd-şərtsiz” azadlığa buraxılması və ölüm hökmü də daxil olmaqla ədalətsiz məhkəmə hökmlərin ləğvi tələb edilib.

Ramyan şəhərindəki etirazlar zamanı öldürülən polis zabiti Əli Səravaninin ölümündə təqsirli bilinən gənc edama məhkum edilib. Onun cəzası Qonbəd-Kavus cinayət məhkəməsində çıxarılıb və iş apellyasiya şikayəti üçün Ali Məhkəməyə göndərilib.

Onlardan 68-i hökumət qüvvələrinin təmsilçisidir. Həbs olunanlardan 168-nin yaşı 18-dən azdır. Həmçinin 19 571 nəfər tutulub, onlardan 714 nəfəri tələbədir. Ümumilikdə, həbs cəzalarının sayı 12 318-dir. 110- nəfərə isə ölüm hökmü verilib. Habelə, 164 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı 1260 nümayiş həyata keçirib və 144 universitetin tələbəsi bu etirazları dəstəkləyib. Həbsdə olan iki iranlı jurnalist Nilufər Həmidi və İlahə Məhəmmədi Kanada Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.

Fəhlələrin hüquqlarını müdafiə edən fəal Fərhad Şeyxi təhlükəsizlik qüvvələrinin evinə hücumu zamanı həbs olunub.

İstinadlar Report