
İranda internet və ya virtual sahənin problemləri prezidentliyə namizədlərin diqqətindən kənarda qalıb.
Bu barədə “Mehr” agentliyi bildirib.
Məlumata görə, müasir dünyada virtual sahə çox vacib rola malikdir. Ancaq prezidentliyə namizədlər bu istiqamətdə məsələlərə diqqət etmirlər.
Bildirilib ki, İranda internet istifadəçiləri keyfiyyət problemləri ilə üzləşir: “Əsas problemlərdən biri internet şəbəkəsinin sürəti və sabitliyi ilə bağlıdır. İnfrastrukturun təkmilləşdirilməsi istiqamətində davamlı səylərə baxmayaraq, ölkənin bir çox ərazilərində hələ də lazımi sürət və keyfiyyətlə internetə çıxış yoxdur”.
Məlumata görə, İranda yüksəksürətli internetə çıxışın olmaması onlayn xidmətlərin geniş spektrinin düzgün və səmərəli həyata keçirilməsinə mane ola, həmçinin məzmun alətlərindən, elektron ticarətdən və kommunikasiyalardan istifadəni poza bilər.
Qeyd edək ki, İran ictimaiyyətinin sosial şəbəkədən istifadəsində tez-tez problemlər yaradılır. Hakimiyyət dairələrində virtual məkanın qərb təbliğatı apardığını iddia edərək onun bağlanmasını istəyənlər var.