İran bildirir ki, həftə sonu prezident İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin axtarışı zamanı yerli qruplara kömək edən Türkiyənin pilotsuz uçuş aparatı (PUA) deyilənlərin əksinə olaraq onun yerini müəyyən edə bilməyib.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahından rəsmi IRNA agentliyinə verilən açıqlamada, prezident Rəisinin helikopterinin axtarış əməliyyatlarına kömək etmək üçün İrana göndərilən Türkiyənin Akıncı PUA-sının helikopterin yerini müəyyən etmək üçün verdiyi məlumatların qeyri-dəqiq olduğu bildirilir. Rəsmi Tehranın iddiasına görə ‘Akıncı’nın verdiyi koordinantlar ilə qəza yeri 7 km aralı olub və prezident və digər rəsmilərin nəşi İranın öz PUA-ları və ərazidəki insanların köməyi ilə tapılıb.

Açıqlamada, qalın buludların üstündən cisimləri təsbit edə bilən radar sistemi olan SAR ilə təchiz edilmiş İran pilotsuz təyyarələrinin Hind okeanının şimalındakı bir ərazidə olması məlum olduqdan sonra İran səlahiyyətlilərinin Türkiyənin axtarış əməliyyatına kömək təklifini qəbul etdiyi bildirilib.

Bununla belə, gecə görmə və termal görüntüləmə cihazları ilə təchiz olunsa da, türk pilotsuz təyyarəsinin helikopteri aşkarlaya bilmədiyi və Türkiyəyə qayıtdığı qeyd olunub.

İranın Baş Qərargahı bildirib ki, Rusiya, Çin və “qardaş ölkə Türkiyə” də daxil olmaqla, digər ölkələrə vertolyot qəzası zamanı və sonrasında göstərdikləri səylərə, əməkdaşlıq və dəstəklərinə görə təşəkkür məktubları göndərilib.