Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu gün şəhid ailələri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.Əvvəlcə şəhid kapitan Musibov Veysəl Yadullayeviçin anası Musibova Səməngül Məməmməd qızı ilə görüşən başçı bildirib ki, hər birimiz şəhidlərimizə və qazilərimizə borcluyuq.

Şəhidlərimizin, ümumilikdə hərbçilərimizin və Ali Baş Komandan, Prezident İlham Əliyevin düzgün qərarları, iradəsi sayəsində Azərbaycan torpaqları işğaldan azad olundu. 

Xalqımızın bir yumruq kimi birləşərək əsl həmrəylik, mübarizlik göstərdiyini, cənab Prezidentin ətrafında sıx birləşdiyini vurğulayan RİH başçısı qeyd edib ki, ordumuzun qüdrəti, döyüş ruhu, əzmi, Azərbaycan əsgərinin gücü ilə ərazilərimiz erməni işğalçılarından birdəfəlik təmizləndi. Bu böyük qələbənin əldə olunmasında Azərbaycan oğulları canlarından keçdilər. Şəhidlərimizə allahdan rəhmət, qazilərimizə isə şəfa diləyən İ.Gülməmmədova ölkəmizdə dövlət səviyyəqində şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb.

S.Musibova Xırdalandakı Şəhidlər Xiyabanında aparılan yenidənqurma işlərindən xəbərdar olduğunu, şəhid oğlunun da orada uyuduğunu qeyd edərək görülən işlərin yekunlaşacağı tarixlə maraqlanıb.

İ.Gülməmmədova bildirib ki, Abşeron RİH-i tərəfindən Şəhidlər Abidəsinin ərazisi genişləndirilib, beton-bərkitmə işləri aparılıb. Xüsusi memarlıq formasında inşa edilən abidənin ətrafına aqlay daşlar düzülür. Eyni zamanda abidəyə aparan yol da təmir edilib, ətrafı abadlaşdırılıb. Müxtəlif həmişəyaşıl ağac və gül kolları əkilib. Abidə yaxın bir neçə günə tam hazır vəziyyətinə gətiriləcək.

Rayon rəhbəri daha sonra şəhid əsgər Sadıqov Rəsul Həşim oğlunun anası Allahverdiyeva Elnarə Allahverdi qızı və 9 yaşlı qardaşı Mirsalam ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb. Mirsalam bala tezliklə Qarabağa getmək arzusunda olduğunu və qardaşının şəhid düşdüyü torpaqları gəzmək istədiyini qeyd edib. Elnarə Allahverdiyeva da övladlarını vətənpərvərlik ruhunda böyütdüyünü və lazım gələrsə digər oğlunun da vətənin azadlığı üçün cəbhəyə yollamağa hazır olduğunu deyib.

Şəhid ailələri igidlərimizin Azərbaycanın azadlığı uğrunda döyüşdüyünü və öz müqəddəs borclarını şərəflə yerinə yetirdiklərini qeyd ediblər. Onlar ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.



İstinadlar Qafqazinfo