Avropada satılan “iPhone” smartfonları daha sürətli məlumat ötürmə standartı dəstəyi ilə təchiz ediləcək.

Analitikin məlumatına görə, “5G mmWave” standartının infrastrukturu Kanada, Yaponiya, Avstraliya və bir sıra Avropa ölkələrində genişləndirilir. Bu səbəbdən buraxılışı payıza planlaşdırılan “iPhone 13” seriyalı qabaqcıl modellər ABŞ-dan kənar regionlarda “5G mmWave” dəstəyi ilə təchiz olunacaq. Hazırda standartdan yalnız ABŞ-ın “iPhone 12” istifadəçiləri yararlana bilərlər.

2020-ci ildə buraxılan “Apple” smartfonları “mmWave” və “sub-6” olmaqla iki “5G” standartı dəstəyinə malikdir. Birincisi yüksək məlumat ötürmə sürəti ilə fərqlənsə də, qısa və orta məsafələr üçün nəzərdə tutulub. İkincisi isə böyük məsafələrdə istifadə üçün daha əlverişlidir. Min-Çi Konun fikrincə, sürətləndirilmiş “5G” standartı Avropanın əksər iri operatorları tərəfindən dəstəklənəcək.

Analitik qeyd edib ki, “mmWave” standartlı “Apple” smartfonlarının tədarükü ABŞ bazarı ilə məhdudlaşdırılıb. Onların payı 30-35 faiz təşkil edir. Kanada, Yaponiya, Avstraliya və Avropada satılan qurğuların daha sürətli standartla dəstəklənməsi payı 55-60 faizədək artırmağa imkan verəcək.

Nizam Nuriyev

İstinadlar ict news