“Əvvəllər hər hansı intihar hadisəsi olanda müxalifət iqtidarın üzərinə atırdı ki, ehtiyacdan intihar edib”.

Bunu bu gün Milli Məclisin plenar iclasında “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.

S. Novruzovun fikrincə, sonra məlum olurdu ki, həmin insanın maddi ehtiyacı olmayıb: “Statistikaya baxsaq, Skandinaviyada intihar Əfqanıstanda daha çoxdur”.

Bəzi verilişlərdə zorakılığın təbliğ olunmasını tənqid edən S. Novruzov qeyd edib ki, Azərbaycanda türkçülük, qafqazçılıq, avropaçılıq var: “Bu məsələnin üzərində alimlərimiz işləməlidirlər. Bir rayonda 3 dəfə bir seriala baxırlar, başlayırlar dəyişməyə, serialdakı kimi danışmağa. Televiziyalarda bədii şuralar yaradıldı. Bir çoxunun beynindən sovetlər dövründəki bədii şura keçirdi ki, kiməsə efirə çıxmağa icazə verməyəcəklər. Düşünmədilər ki, artıq sosial şəbəkələr var, burada verməyəcəksən, sosial şəbəkədə verəcəklər. Əsas maarifləndirmə olmalı, maarifləndirmə işləri aparılmalıdır”.

Oxumağa dəyər:   Ürək-damar xəstəlikləri riskini aşağı salan məhsullar açıqlandı

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu Konvensiyanın qəbulunun insan hüquqlarının müdafiəsi sahəsində bir nümunə olduğunu söyləyib: “Bu Konvensiyanı Avropa Şurasında müzakirə etmişik. Bir neçə müddət əvvəl Avropa Şurasının Prezidenti Azərbaycanda idi və onunla görüşlərdə bu Konvensiyanın qəbulunu gündəmə gətirdik. Sabah biz Avropa Şurasının sessiyasında iştirak edəcəyik. Spiker Oqtay Əsədov də bizimlə gedəcək, Strasburqda AŞPA-ya üzv olan ölkələrin parlament spikerlərinin toplantısında iştirak edəcək”.
Millət vəkili Qənirə Paşayeva qadınlara qarşı zorakılığın qarışının alınması ilə bağlı İstanbul Konvensiyasının da qəbul edilməsinin zəruri olduğunu vurğulayıb: “Bu Konvensiyanın imzalanması vacibdir. Bəzi qüvvələr də İstanbul Konvensiyanın imzalanmamasından istifadə edərək ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. Biz qadın zorakılığına qarşı mübarizəmizi də artırmalıyıq”.

İstinadlar Apa