İnkassator avtomobilindən milyonlarla avro aparıldı – VİDEO

Almaniyanın paytaxtı Berlində açıq narıncı rəngdə təmizlik işçisi formasında olan bir neçə şəxs inkassator avtomobilini qarət edib.
Cinayətkarlar daşıyıcıların üzərinə silahla hücum edərək onları hədələyib və iki mühafizəçini yaralayıb.
Soyğunçular pulları öz maşınlarına yükləyərək hadisə yerində uzaqlaşıblar.
Hadisə baş verən bölgədə yaşayan sakinlər qarəti videoya çəkiblər.
İlkin məlumata görə, cinayətkar qrup 4 nəfərdən ibarət olub. Şahidlər bildirib ki, hadisə zamanı atışma olmayıb.
Aparılan pulun milyonlarla avro ilə ölçüldüyü bildirilir.
Bakıda 1000 manata tapança satmaq istədi – Video

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Abşeron rayon sakini olan Xəyyam Əbdülhüseynovun üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi və satmaq istəməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Binəqədi rayonu ərazisində saxlanılıb.
Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Naqan” markalı tapança aşkar olunaraq götürülüb. X.Əbdülhüseynov silahın ona məxsus olduğunu və 1000 manata satmaq istəyən zaman saxlanıldığını bildirib.
Qeyd edək ki, X.Əbdülhüseynov odlu silahı satmağa gedərkən tanınmamaq üçün idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanınında dəyişiklik edib. Faktla bağlı 6-cı Polis Bölməsində saxlanılan şəxs barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
İmamyarın musiqi əsəri Kaliforniyada təqdim olundu – Video

Fevralın 25-də Kaliforniyada yaşayan tanınmış kamança ustası İmamyar Həsənovun Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş musiqi əsərinin premyerası keçirilib.
Əsər Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə ərsəyə gəlib
Musiqi əsərinin əvvəlində Xocalı Soyqırımı haqda məlumat verilir, beynəlxalq “Human Rights Watch” təşkilatının bu dəhşətli faciəni Ermənistan-Azərbaycan münaqişəsi tarixində “ən böyük qətliam” adlandırdığı diqqətə çatdırılır. Həmçinin, soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların bəzilərinin şəkilləri nümayiş etdirilir.
Xocalı faciəsi günü 2 yaşı tamam olan şəhid Tural – Video

“Hər kəs bilir ki, ermənilər Xocalıda başımıza nə müsibətlər gətiriblər, 613 şəhidimiz olub. Amma mən bundan sonra “Xocalı” abidəsi önünə qürurla, fəxarət hissi ilə gedəcəyəm ki, sizin qisasınızı aldılar. Daha məyus olmayacağam, onları gülə-gülə, sevinə-sevinə yad edəcəyəm. Çünki artıq bizim bütün sərhədlərimizə Ordumuz nəzarət edir…”
Bunu “Qafqazinfo”ya Xocalı sakini, Vətən müharibəsi şəhidimizin atası Şakir Abdullayev soyqırımın 29-cu ildönümü ərəfəsində bildirib.
Abdullayevlər ailəsi bəlkə də təsəvvür etməzdi ki, illər keçəcək, 1990-cı ilin fevralın 26-da dünyaya gələn övladları Tural böyüyüb Xocalıda günahsız insanlara qarşı törədilən qətliamın qisasını alacaq. Həmin faciə günü cəmi 2 yaşı tamam olan qəhrəman torpaqlarımızı öz qanı bahasına azad edərək adını zəfər tariximizə yazdıran igid oğullardan biri olacaq…
Abdullayevlər ailəsi bizə göstərmək üçün Xocalıda qətliama qədər yaşadıqları xoş günlərini xatırladacaq nə bir foto, nə başqa bir nişanə tapır. Çünki həmin soyuq qış günündə ayaqyalın, başıaçıq qaçıb canlarını qurtarıblar.
Əvəzində fəxrlə hamıya göstərdikləri, Vətən müharibəsində canından keçən yeganə oğulları – Daxili Qoşunların xüsusi təyinatlısı Tural Abdullayevin çoxlu fotosu var. Ailənin evi həmin şəkillərlə, sözün həqiqi mənasında, bəzədilib. Özündən sonra həm də oxuduğu kitablar, aldığı təltiflər, təşəkkürnamələr ata-anasına xatirədir. Rütbəcə baş çavuş olan Tural illərdir özünü bu günə hazırlamışdı, sanki.
Şəhidin atası deyir ki, Xocalıda günahsız soydaşlarımızın qətliamı Turalda qarşısıalınmaz bir hiss yaratmışdı:
“Biz xocalılılar hər il 26 fevralda “Xocalı abidəsi”nin qarşısına toplaşıb dərdimizi bölüşərdik. Tural körpə olanda onu da özümlə abidənin qarşısına aparırdım. Onda mənə suallar verirdi, hər şeyi soruşurdu. Həmişə deyirdi ki, Xocalının, Qarabağın qisasını almaq lazımdır. Vətənpərvər oğul idi, həmişə arzulayırdı ki, müharibə başlasın, döyüşə getsin. Bəlkə də onda qisas hissi olmasaydı, belə qəhrəman olmazdı”.
Ş. Abdullayev danışır ki, Tural döyüşə də sevinə-sevinə gedib. O qədər sevinib və tələsib ki, heç ailə üzvləriylə görüşməyə belə macal tapmayıb. Onunla sonuncu dəfə sentyabrın 26-da danışa biliblər. Müharibə başlanan gündən isə telefonuna zəng çatmayıb. Sentyabrın 30-da şəhid xəbəri gələn Tural Abdullayev Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Tural ailədə necə fəxr ediləsi övlad olubsa, hərbçi yoldaşları arasında da igidliyi ilə seçilib. Atasının sözlərinə görə, onunla birgə döyüşən yoldaşları Turalın Vətən sevgisinin onda bütün qorxu hisslərini məhv etdiyini deyirlər: “Hərbçi yoldaşları danışır, komandir əmr verirdi ki, ehtiyatlı olun. Amma Tural və onun yoldaşları döyüşə əyilmədən, dik, başı uca girirdilər. Sevinirmişlər ki, şəhid olacaqlar, ölümdən heç qorxmurdular. Erməni postundan keçib yüksəkliyə bayrağımızı taxıb, sonra qayıdıb postu məhv edirdilər. Ermənilər baxıb dəhşətə gəlirdilər ki, arxalarında Azərbaycan bayrağı dalğalanır…
Murov yüksəkliyini də onlar azad ediblər. Günlərlə susuz qalıblar, amma gedib hədəflərinə çatıb, torpaqlarımızı düşməndən təmizləyiblər. Tural aramızda yoxdur, amma onun kimi minlərlə qəhrəmanlarımız bizim üçün baş ucalığıdır. Onlar xəritəmizi cızdılar, alnızıdakı qara ləkəni götürdülər. Onlar tarix boyu yaddan çıxmayacaqlar. Bu müharibə təkcə bizim ərazi bütövlüyümüzü bərpa eləmədi, həm də başımızı dünyada ucaltdı”.
Övlad itkisi ağır olsa da, Şakir Abdullayev şəhid oğlundan fəxarətlə, yorulmadan danışır. Məlum olur ki, Tural öz hərbçi yoldaşlarıyla bərabər Murovdağ istiqamətində döyüşdə 40-a yaxın ermənini, düşmənin iki hərbi maşınını məhv edib. Göstərdiyi qəhrəmanlığa görə “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarıyla təltif olunub.
Şəhidin anası İradə Sadıqova da oğlu ilə bağlı xatirələrini vərəqləyir, uşaqlığından, balaca olanda ona Xocalı ilə bağlı öyrətdiyi bayatılardan söz açır. Danışdıqca da kövrəlir, gözləri dolur:
“Tural mənim igid balam idi. Məni yoldaşlarına – Hilala, Orxana da tapşırmışdı. Demişdi, “mən şəhid olsam, anamı qucaqlayın”. Tək o yox, onunla bərabər şəhid olan bütün oğullar igid idi. 5 il əvvəl türk komandiri qoçaqlığına, qorxmazlığına görə ona “Bozqurd” ləqəbini vermişdi… Həmişə ona Xocalıya aid bayatılar öyrədirdim, Xocalıda məhv edilən körpələrlə bağlı televiziyada kadrları görəndə gözləri dolurdu. “Bir gün olacaq, o körpələrin qanını alacam” deyirdi. Aldı da. Mənim igid balalarım aldı, bir Turalım yox… Səsi üçün darıxıram. İstəyirəm bir dəfə də mənə “mama” desin. Çox darıxıram…”
İ. Sadıqova o torpaqlara, oğlunun azad etdiyi ərazilərə getmək istəyir: “Balamın Murovda qanı tökülüb, ora ayaq basa bilmərəm. Amma Xocalıya, Laçına, Şuşaya gedərəm…”
Söhbət əsnasında öyrənirik ki, 26 fevral Xocalı qətliamı günü ailə üçün bir tərəfdən faciəli tarix olsa da, digər tərəfdən həm də əzizdir. Çünki ailənin şəhid olan yeganə oğlu 1990-cı ilin məhz bu günündə doğulub. Ailəsi onun doğum gününü cəmi bir dəfə – 1 yaşında qeyd edib. Faciəli tarixə təsadüf etdiyindən bir də Turala doğum günü keçirilməyib. 30 illik bu ənənəni bircə dəfə dostları pozublar. Ötən ilin mart ayında iş yoldaşları Turala ad günü keçirib, özünə də sürpriz ediblər. Lakin Tural bundan heç də razı qalmayıb və “bu, mənim birinci və axırıncı ad günüm olacaq, bir də ad günü keçirməyəcəyəm” deyib. Bu gün həqiqətən də Turalın xatırladığı ilk və son doğum günü olub…
Valideynlərinin Turalla bağlı çoxlu arzuları var idi. İki ay əvvəl nişanlanmışdı, amma toy etmək qismət olmadı. Elə Turalın da arzuları çox idi. Amma o arzulardan yalnız birinə çatdı – o da şəhidlik zirvəsi idi.
İndi isə valideynlərinin bir istəyi var-Oğlanlarının xatirəsi ermənilərdən qisas alan qəhrəman kimi Xocalının qətl günündə anılsın…
Gülnar Əliyeva
Foto-Video: Nuran Məmmədov
Rusiya qırıcıları Yerevan səmasında uçuş edib – VİDEO

Rusiya Silahlı Qüvvələrinin qırıcıları Ermənistanın paytaxtı Yerevanın üzərində manevrlər ediblər.
Ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar bu hadisəni alqışla qarşılayıblar.
Hərbi təyyarənin paytaxt üzərində uçmasının səbəbi və məqsədi açıqlanmayıb.
“Həmin görüntülər Qubada çəkilməyib” – Video

Sosial şəbəkələrdə Quba rayonunda qar və buz bağlamış yolların hələ də köhnə texnika ilə təmizlənməsi ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdən aydın olur ki, yollar hələ də Sovet dövründə istehsal olunan köhnə “DT-75” traktorları vasitəsilə təmizlənir. Ötən gündən bəri həmin video müzakirələrə səbəb olub. Traktorun qar təmizləməkdən daha çox yolun asfalt-beton örtüyünə ziyan vurduğu qeyd olunub.
“Qafqazinfo” həmin görüntülərlə bağlı Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədovla əlaqə saxlayıb.
O, həmin görüntülərin Quba rayonunda çəkilmədiyini bildirib: “Əvvəlcə əmin olmaq lazımdır ki, həmin görüntülər Qubada çəkilib, ya yox. Quba şəhərində şəhər təsərrüfatında yolların buzdan və qardan təmizlənməsi üçün kifayət qədər texnika var. Bu barədə ötən gün televiziyalarda süjetlər də göstərilib. Həmin süjetlərə baxıb Qubadakı müasir texnikalarla da tanış ola bilərsiniz. Həmin videoda göstərilən texnika bizim rayona aid deyil”.
Gülnar Əliyeva
Paşinyanın tərəfdarları Respublika Meydanına toplaşır – Video

Vətəndaşları Respublika Meydanına çağıran Ermənistan hökumətinin başçısı Nikol Paşinyan tərəfdarlarına müraciət etməyi planlaşdırır.
Paşinyanın çağırışı ilə çoxlu sayda vətəndaş mitinqin keçiriləcəyi Ermənistan hökumətinin binasının yaxınlığındakı Respublika Meydanına toplaşıblar.
Kadrlarda İrəvanın mərkəzinə getdikcə daha çox insanın axışdığı əks olunur. Meydana polis qüvvələri də cəlb olunub.
Qeyd edək ki, daha əvvəl Ermənistan hökumətinin başçısı Nikol Paşinyan ölkədə hərbi çevriliş cəhdini elan edərək tərəfdarlarını Respublika Meydanına toplaşmağa çağırmışdı.
Daha sonra o, yerli vaxtla saat 16: 00-da çıxış edəcəyini açıqlayıb. Paşinyan mitinqdə vətəndaşların təhlükəsizliyinin təmin olunacağını bildirib.
Dünənki havada 25 yanğına çağırış olub – Video

Ötən gün qarlı havada Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında 25 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 16 nəfər xilas edilib.
Keçmiş məhkum üzərində avtomatla saxlanıldı – VİDEO

Bakıda əvvəllər məhkum olunmuş şəxsdən “Kalaşnikov” aşkar edilib.
Əvvəllər dəfələrlə məhkum olunmuş Çingiz Quliyevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs qısa zamanda Sabunçu rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 2 ədəd sandıqça və 30 ədəd patron aşkar olunaraq götürülüb. Çingiz Quliyev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq polis əməkdaşalarına təhvil vermədiyini bildirib.
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Çingiz Quliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Los Ancelesdə Xocalı soyqrımına dair ingilis dilində film hazırlanıb – VİDEO

Son illərdə sosial şəbəkələrin sürətli inkişafını və təbliğat işində qısa və məzmunlu filmlərin effektivliyini nəzərə alaraq, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Azərbaycana dair 2019-cu ildən başlayaraq, bir sıra mövzularda ingilis dilində 20 qısa film hazırlanaraq yayılıb. Xüsusilə, Baş Konsulluq tərəfindən Vətən Müharibəsi dövründə hazırlanan, Ermənistanın cinayətlərini göstərən qısa filmlər geniş yayılaraq böyük sayda izlənilmişdi. Bu səpkidə Baş Konsulluq tərəfindən hazırlanan sonuncu film Xocalı soyqırımına həsr olunub.
Konsulluqdan verilən məlumata görə, filmdə 26 fevral 1992-ci il tarixində Ermənistan qoşunlarının Azərbaycanın Xocalı şəhərinə hücum edərək, uşaq, qadın və qocalar da daxil olmaqla 613 dinc sakini qətlə yetirdiyi vurğulanır.
Videoda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı qətliamını etiraf edən müsahibəsindən sitat gətirilir. Həmin qətliamı törədənlərdən biri, Kaliforniyadan olan erməni terrorçu Monte Melkonyanın qardaşının yazdığı kitaba da istinad edilərək, erməni cəlladlarının qəddar əməlləri təqdim olunur.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, etnik təmizləmə apardığı və 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur. BMT Təhlükəsizlik Şurasının (TŞ) 1993-cü ildə sözügedən işğalı pislədiyi qeyd olunaraq, həmin dövrdə TŞ-də sədrlik edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, sonradan ABŞ dövlət katibi olmuş Madlen Olbraytın TŞ-nin iclasında verdiyi bəyanatın video-yazısından çıxarış təqdim olunur. Qeyd edək ki, sözügedən video-yazı BMT arxivlərindən Baş Konsulluq tərəfindən üzə çıxarılaraq, hələ ötən ilin sentyabrında ayrıca yayılmışdı. Video-yazıda M.Olbrayt bütün TŞ adından çıxış edərək, işğalçı qoşunların Azərbaycanın işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb etmişdi.
Sonra bu günədək 17 ölkənin və ABŞ-ın 20-dən çox ştatının Xocalı soyqırımını pislədiyi bildirilir.
2020-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarını azad etdiyi və öz ərazi bütövlüyünü bərpa etdiyi vurğulanır. Xocalıda olduğu kimi Vətən Müharibəsi dövründə də Ermənistanın dinc sakinləri hədəf aldığı və nəticədə uşaqlar da daxil olmaqla çoxlu sayda mülki azərbaycanlının qətlə yetirildiyi və yaralandığı diqqətə çatdırılır. Videoda həm Xocalı soyqırımını, həm də son müharibə cinayətlərini törədənlərin hələ də cəzasız qaldıqları qeyd olunur.
Film müvafiq ölkələrdəki Səfirliklərimiz tərəfindən alman, alban, ispan, çin, fars, türk, yunan və digər dillərə də tərcümə olunub. Film sosial şəbəkələrdə geniş şəkildə yayılmaqdadır.
CBC TV-nin avtomobili aşdı – Video

CBC TV-yə məxsus avtomobil aşıb.
Hadisə Tərtər-Bərdə avtomagistralı istiqamətində baş verib.
Qəzaya ölkə ərazisində hökm sürən qarlı və şaxtalı hava şəraiti nəticəsində yolların buz bağlaması səbəb olub.
Hadisə nəticəsində qəzaya uğrayan avtomobil aşıb. Avtoqəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi… – Video

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində fəaliyyət göstərən tanınmış jurnalist Raul Kontrerasın (Raoul Contreras) müəllifliyi ilə fevralın 23-də Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi yayımlanıb. Veriliş müəllifin “The Contreras Report: International Edition” müəllif proqramı çərçivəsində hazırlanıb.
Qeyd edək ki, R.Kontreras “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifidir və onun indiyədək Azərbaycan haqda bir sıra nüfuzlu mətbu orqanlarında çoxsaylı məqalələri dərc olunub.
Sözügedən verilişdə müəllif 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə hücum edərək, uşaqlar və qadınlar da daxil olmaqla çoxlu sayda insanı qətlə yetirdiklərini vurğulayır. Müəllif həmçinin erməni cəlladlarının əsir götürdükləri azərbaycanlılara qarşı ağılasığmaz işgəncələr verdiklərini diqqətə çatdırır.
R.Kontreras Xocalı qırğınının soyqırımı olduğunu bildirir və bunu insanlığa qarşı törədilmiş cinayət adlandırır.
Müəllif Xocalı soyqırımı haqda qərb müəlliflərinin yazdığı kitablar haqda məlumat verir. O, həmçinin sözügedən soyqırımında iştirak etmiş Kaliforniyadan olan erməni terrorist Monte Melkonyanın qardaşının yazdığı kitabdan və Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın mövzu ilə bağlı müsahibəsindən sitatlar gətirərək, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri necə etiraf etdiklərini diqqətə çatdırır.
R.Kontreras Xocalı soyqırımını törədənlərin indiyədək cəzalandırılmadığını, onlardan bir çoxunun Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığını və hökumətdə yüksək vəzifə tutduğunu vurğulayır.
Müəllif daha sonra Xocalı şahidlərinin öz dilindən Xocalıda törədilmiş vəhşiliklər haqda qısa video-sujet təqdim edir.
“Azərişığ”ın əməkdaşları qarlı havada iş başında – Video

“Azərişıq” ASC-nin əməkdaşları qarlı və şaxtalı havada əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün səfərbər olunublar.
Ötən gündən bəri davam edən qar və çovğun səbəbindən qurum əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Gün ərzində buzlaşma və yüklənmə səbəbindən elektrik xətlərində baş verən qəzalar aşkar edilərək aradan qaldırılır.
Bu gün evləri yanan məcburi köçkünlərə kirayə pulu veriləcək – VİDEO

“Bu gün Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında baş verən yanğın nəticəsində müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq”.
Bu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində, ümumilikdə 17 mənzilə ziyan dəyib.
Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.
Komitədən bildirilib ki, yanğın baş verən tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü sakinlərin nəzərinə çatdırılıb.
Qeyd edək ki, qeyd olunan binada bu gün yanğın hadisəsi baş verib və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb. Digər yaşayış sahələri yanğından mühafizə olunub.
Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq.
Gülnar Əliyeva
DİN səhərki qəza haqda məlumat yaydı – VİDEO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş qəza barədə məlumat yayıb.
verilən məlumata görə, bu gün səhər saat 8 radələrində ağır yol-nəqliyyat hadisəsi baş verib:
“Əsas səbəb yolların qarlı və buzlu olduğu bir vaxtda təcrübəsiz və diqqətsiz sürücülərin hava şəraitinə uyğun sürət həddini seçməmələri olub.
Belə ki, Bakı-Qazax avtomobil yolunun 10-cu kilometrliyində, Qaradağ rayonu ərazisində 8 avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada bir nəfər həlak olub, bir nəfər isə yaralanıb. Qəzadan sonra qeyd olunan ərazidə qısamüddətli tıxac yaransa da, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının operativ gördükləri tədbirlər nəticəsində yolda hərəkət tam bərpa edilib.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır, zəruri tədbirlər həyata keçirilir.
Odur ki, bir daha nəqliyyat vasitələrinin sahiblərinə, sürücülərə müraciət edərək onları əlverişsiz havalarda nəqliyyat vasitəsindən az istifadə etməyə, sükan arxasında olarkən hava şəraitinə uyğun sürət həddini düzgün seçməyə və daha çox diqqətli olmağa çağırırıq”.
Müharibədə düşmənə vurulan aviazərbələrin görüntüsü yayıldı – VİDEO

Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı Su-25 və döyüş helikopterləri ilə düşmənə vurulan aviazərbələri əks etdirən videogörüntülər yayıb.
Azərbaycan 24 həmin videonu təqdim edir:
Ermənistanda etirazçılar universitet binasına basqın etdi – VİDEO

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər universitet binasına basqın ediblər.
Onlar Yerevan Dövlət Universitetinin binasına daxil olublar.
Məlumata görə, aksiya iştirakçıları tələbələri etirazlara qoşulmağa çağırırlar.
Etirazçıların digər qismi isə Ermənistan Dövlət İqtisad Universitetinə daxil olmağa çalışsa da, polis onların qarşısını kəsib.
Həmçinin baxın
Los Ancelesdə Xocalı soyqrımına dair ingilis dilində film hazırlanıb – VİDEO
Xocalı soyqırımının 29-cı il dönümü ilə bağlı fləşmob təşkil olunub – VİDEO
Ankaradan Bakıya külli miqdarda brilliant qaşlar keçirmək istədi – Video
“Mədəniyyət Nazirliyi atamı hara layiq bilsə, orada dəfn ediləcək” – Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla