Böyük Britaniya və Almaniya rus müxalif siyasətçi Aleksey Navalnının saxlanılması ilə bağlı rəsmi Moskvanı tənqid edənlər sırasına daxil olub.

Almaniyanın xarici işlər naziri Heiko Maas Rusiya hökumətini bu addımına görə qınayıb. 

Navalnıyın sağaldıqdan sonra Rusiyaya dönmək üçün şüurlu şəkildə qərar verdiyini söyləyən nazir “Rus səlahiyyətlilərin gəldiyi anda onu həbs etməsi tamamilə anlaşılmazdır. Rusiya öz konstitusiyasına, beynəlxalq öhdəliklərinə uyğun olaraq qanunun aliliyini və vətəndaş hüquqlarının qorunmasını təmin etməlidir. Əlbəttə, bu prinsiplər Aleksey Navalnıya da tətbiq olunmalıdır. Navalnı dərhal sərbəst buraxılmalıdır”, – deyə bildirib.

Maas Navalnını zəhərləyənlərin tam araşdırılması və günahkarların ədalət mühakiməsinə çıxarılması üçün Rusiyanın əlindən gələni edəcəyini gözlədiklərini qeyd edib.

İngiltərə XİN rəhbəri Dominik Raab isə “Alçaqcasına cinayətin qurbanı olan Aleksey Navalnının Rusiya səlahiyyətliləri tərəfindən tutulması qorxuncdur. O, dərhal sərbəst buraxılmalıdır”,-deyə bildirib.

İstinadlar Qafqazinfo