Deputat Siyavuş Novruzov parlamentdəki çıxışında təhsil sahəsində olan problemlərdən danışıb.

Millət vəkili deyib ki, “Təhsil haqqında” qanun yenidən hazırlanmalıdır: “Biz uzun müddət müzakirələrdən sonra o qanunu qəbul etdik. Amma baxanda görürük ki, qanun hər ölkədən bir az götürülüb. Bir az SSRİ, bir az Rusiya, bir az Türkiyə, bir az da Amerikadan götürülüb. Biz konkret təhsil sistemi yaratmalıyıq. 20 ildir deyirlər “Bolonya sistemi”nə keçiririk. Nə oldu? Ya keçək, ya keçməyək. Mən hesab edirəm ki, indi sizin rəhbərliyinizlə yenidən “Təhsil haqqında” qanun layihəsini hazırlayıb qəbul etməliyik.

Cənab Prezident yeni Təhsil naziri təyin edib. Ondan əvvəl Mikayıl Cabbarov, sonra da Ceyhun Bayramov olub. Əvvəllər pulla məktəbə direktor qoymaq, attestat satışı var idi. Biz hamımız bunları görmüşdük, şahidi olmuşduq. Görək indi necə olacaq. İndiki nazir təzədir, görək nələr edəcək. Təhsil millətin gələcəyidir. Biz elə islahat aparmalıyıq ki, gələcək nəsil üçün təhsil istiqamətləndirici olsun.

Orta məktəb, bakalavr, magistratura, aspirantura, nə bilim nə, bir adam nə qədər oxumalıdır? Müəllim universitetdə dərs deyir, onun biliyini Ali Attestasiya Komissiyası qiymətləndirir. Müəllim bir qurumun tabeliyində işləyir, başqa bir qurum onu qiymətləndirir. Oradan yüksək qiymət alan müəllimi bəlkə də tələbələr sinfə buraxmaz”.