“İndi burada Azərbaycan polisi keşik çəkir” – Video

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıla səfər edib.
Səfər çərçivəsində Prezidentlə xanımı işğalçı Ermənistanın Azərbaycanın Cəbrayıl şəhərində yaratdığı qondarma “polis idarəsi”nin binasında olub.
Dövlət başçısı binada olarkən bildirib ki, indi burada Azərbaycan polisi keşik çəkir.
“Qafqazinfo” həmin görüntüləri təqdim edir:
250 baş qırqovul vəhşi təbiətə buraxılıb – Video

Şəki rayon sakini Elşad Alxasovun şəxsi təsərrüfatında yetişdirdiyi qırqovullar İlisu Dövlət Təbiət Qoruğunun mütəxəssislərinin iştirakı ilə vəhşi təbiətə buraxılıb.
ETSN-dən “Qafqazinfo”ya bildirilib ki, bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, qırqovul növünün populyasiyasının bərpası məqsədilə fərdi təsərrüfatda yetişdirilmiş 250 baş qırqovul quşunun Qax rayonunun ərazisindəki Axarbaxar silsiləsinə, Acınohur və Sarıca çöllərinə, Qanıxçay və Əyriçay ərazilərinə buraxılması həyata keçirilib.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək fərdi təsərrüfatında qırqovul yetişdirən Elşad Alxasova vəhşi təbiətə töhfə verdiyi üçün təşəkkür edirik”, – deyə nazirlikdən bildirilib.
Akkumulyatorda 21 kq narkotik keçirmək istədi – VİDEO

Gömrükçülər avtomobilin xüsusi üsullarla düzəldilən gizli saxlanc yerlərindən külli miqdarda narkotik vasitə aşkar ediblər.
Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda “Renault” markalı, yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsində yerləşən 2 ədəd akkumulyatorun hər birinin içərisinə nisbətən kiçik ölçülü akkumulyator, qalan boşluqlara isə düzbucaqlı formalı, qara rəngli bağlamalarda qablaşdırılan narkotik vasitə tiryək yerləşdirildiyi məlum olub.
Ümumilikdə 10 ədəd bağlamadan qablaşdırmaları ilə birgə 21 kq 280 qram narkotik vasitə – tiryək aşkar edilib.
FHN dağlıq ərazidə yaşayanlara və səfər edənlərə xəbərdarlıq etdi – Video

Fövqəladə Hallar Nazirliyi dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən insanlara müraciət edib.
Müraciətdə deyilir:
“Dağlıq ərazilərdə yaşayan, eləcə də, dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı və üzərində müvafiq rabitə vasitəsi (mobil telefon və s.) götürməyi, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, fəslə uyğun geyinməyi, nabələd olduqları məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduğunuz yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən, dik yamaclardan kənar gəzməyi, hava qaralana kimi mütləq yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik”.
Bildirilib ki, ilk baxışdan aldadıcı görünsə də, günəşli havada qar uçqununun baş vermə ehtimalı daha da artır.
Həmçinin, vurğulanıb ki, təhlükə zamanı 112-yə zəng etmək lazımdır.
Füzulinin daha bir kəndindən videogörüntülər

Müdafiə Nazirliyi Füzuli rayonunun Kürdlər kəndindən video yayımlayıb.
“Qafqazinfo” həmin görüntüləri təqdim edir:
Bakıda oğurluq edən dəstə tutuldu – Video

Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxslər saxlanılıblar.
Daxili işlər Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, əməliyyat zamanı paytaxt sakinləri Ramin Qocayev, Cəbrayıl Abdullayev və Ayşən İsmayılova tutulublar.
Onların Suraxanı rayonunda 60-dan çox evdən əsasən məişət əşyaları, mobil telefonlar və digər avadanlıqlar oğurladıqları məlum olub.
Faktlarla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur.
Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Daxili Qoşunların Vətən müharibəsində şəhid olan hərbçiləri – VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların Vətən müharibəsində şəhid olan və yaralanan hərbçilərinin sayı açıqlanıb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, uzun illər işğal altında qalan torpaqlarımızın düşməndən azad edilməsi, tarixi ədalətin bərpa olunması uğrunda gedən döyüşlərdə Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu iştirak edərək cəsarət və igidlik nümunələri göstərib.
Onlardan 66 nəfəri şəhidlik zirvəsinə yüksəlib, 346 nəfəri yaralanıb.
Türkiyədə 117 yaşlı nənə əsgərlər üçün 115 cüt corab hörüb – VİDEO

Türkiyənin Yalova şəhərinin Çiftlikköy rayonunda yaşayan 117 yaşlı Zeliha Barlas adlı qadın əlləri ilə hördüyü rəngarəng 115 cüt corabı Silahlı Qüvvələrə bağışlayıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nənənin əl işi ağır şəraitdə xidmət edən Şırnakdakı Kureşin Təpə bazasındakı hərbçilərə təhvil verilib. Həmçinin əsgərlərə Z.Barlasın səmimi məktubu da paylanıb.
Zeliha nənənin məktubunu oxuyan mehmetçiklər corabları geyərək əməliyyat hazırlığına başlayıb. Hərbçilər corabları geydikdən sonra bölgədəki PKK terror təşkilatına qarşı kəşfiyyat, müşahidə və dinləmə fəaliyyətinə keçiblər.
Nazirlik məlumatında Z.Barlasa xüsusi təşəkkürünü bildirib: “Soylu millətimizin qəhrəman övladlarını unutmayaraq bir-birindən gözəl corabları mehmetçiklərimizə bağışlayan, xeyir-duası ilə Türkiyə Silahlı Qüvvələrimizə dəstək olan 117 yaşındakı Zeliha nənəmizə bir daha təşəkkür edir, sağlam və xoşbəxt uzun ömür diləyirik. Zeliha nənəmizin əllərindən öpürük…”
Fərman buna görə gəmidə qalıbmış… – Video

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında nigeriyalı dəniz quldurları Qvineya körfəzində Türkiyə gəmisinə basqın ediblər. Nəticədə 15 nəfər girov götürülüb, bir azərbaycanlı öldürülüb.
Öldürülən şəxsin Siyəzən rayon sakini 45 yaşlı Fərman İsmayılov olduğu məlum olub. Onun nəşi yanvarın 26-də Azərbaycana gətiriləcək.
Hadisə ilə bağlı Fərman İsmayılovun qardaşı Ayaz İsmayılov “XəzərXəbər”ə açıqlama verib.
Onun sözlərinə görə, Fərman İsmayılov 18 ildən çox müddətdə həmin gəmidə ikinci mexanik vəzifəsində çalışırmış. Qardaşının vəfat etməsi xəbərini isə ona şirkətdən məlumat veriblər.
Ayaz İsmayılov deyir ki, qardaşı yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq, sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.
Bakıda yaşayış binasında yanğın – Video

Bakıda yaşayış binasında yanğın baş verib.
Hadisə Yeni Yasamalda, Şeyx Məhəmməd Xiyabani küçəsində qeydə alınıb.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.
Füzulinin Aşağı Aybasanlı kəndindən videogörüntülər

Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Aybasanlı kəndindən videogörüntülər paylaşıb.
“Report” həmin görüntüləri təqdim edir.
Qadağanın son günündə Ələt postunda tıxac – Video

Sabahdan etibarən rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postların ləğv ediləcəyi səbəbindən Bakıya girişdə böyük tıxac yaranıb.
Həmin görüntüləri təqdim edirik:
Fərhad da, Polad da, Bülbül də öz yuvasında… – Video + Fotolar

Şuşalılar artıq Şuşaya qayıdır… 28 ildən sonra Azərbaycanın qəhrəman oğullarının əfsanəvi döyüşü nəticəsində düşmən tapdağından azad edilən Şuşada bu gün şuşalılar addımlayır. Artıq iki məşhur Şuşalı öz yurduna qayıtdı.
“Qafqazinfo”nun Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Azərbaycan Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli dünən Şuşaya səfər ediblər.
Atası Bülbülün ev muzeyinə baş çəkən səfir həyətlərindəki 150-yə yaxın yaşı olan ağacı qucaqlayaraq “bu ağaca atamın əlləri dəyib” deyərək kövrəlib. Daha sonra Vətən torpağını əllərinə sürtərək hələ də azad Şuşada olduğuna inanmağın çətin olduğunu deyir.
Polad Bülbüloğlu azad Şuşada ilk dəfədir olur, amma Şuşa düşmən işğalında olanda iki dəfə 2007 və 2009-cu illərdə o, Bülbülün evini ziyarət edə bilib. İndi isə Bülbülün evi muzey olacaq. Səfir özü ilə memar da gətirib və bərpa üçün ilkin hesablama işləri aparılıb.
Polad Bülbüloğlu deyir ki, atasının evini ziyarət edərkən keçirdiyi hisslər sözlə ifadə ediləsi deyil:
“Mən xoşbəxtəm. Allah dua edirəm ki, ölmədim bu günü gördüm. Mənim də yaşım çoxdur, ola bilərdi ki, bu günü, qələbəni görməyə bilərdim. Mən xoşbəxt adamam ki, Azərbaycan xalqının qələbəsini də gördüm, azad Şuşanı da gördüm, atamın evinə qayıtdım və bu gün mən buradayam. Şuşa Azərbaycanındır, Qarabağ Azərbaycanındır! Cənab Prezident bu günləri, bu anları, bu sevinci bizə bağışlayıb”.
P.Bülbüloğlu və Şəmsi Bədəlbəylinin nəvəsi Fərhad Bədəlbəyli daha sonra Şuşanın mərkəzində yerləşdirilən “Güllələnmiş heykəllər”i ziyarət edib. Səfir Şuşanın işğalından sonra ermənilər tərəfindən metallom kimi satılan həmin heykəlləri Heydər Əliyevin tapşırığı ilə necə əldə etdiyindən danışıb.
Bundan sonra məşhur şuşalılar Aşağı və Yuxarı Gövhər Ağa məscidlərinə baş çəkərək Azərbaycan xalqı, Azərbaycan əsgərləri üçün dua ediblər. Onlar, həmçinin Vaqifin məqbərəsini ziyarət ediblər.
Ardınca Cıdır düzündən Topxana meşəsinə baxıb Azərbaycanın Qüdsü, Kəbəsi olan Şuşanın havasını ciyərlərinə çəkərək qürurla doğma yurda qalib xalqın nümayəndəsi kimi, məğrur şuşalı kimi qayıtdıqlarına görə Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər.
Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyasının təqdimat mərasimi keçirilib – Video + Foto

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyasının təqdimat mərasimi keçirilib.
Konsepsiyanın müəllifi Muxtar Ərturan çıxışında bildirib ki, Azərbaycan memarları tərəfindən Prezident İlham Əliyevin 03.12.2020-ci il tarixli sərəncamına müvafiq olaraq belə bir təşəbbüs irəli sürülüb:
“Layihə “İstiqlal zirvəsi adlanır və şəhidlərimizin əziz xatirəsinə ithaf olunub. Konsepsiyanın ərsəyə gəlməsində azərbaycanlı memarlarla yanaşı türk memar və mühəndislərin də əməyi var. Bu konsepsiya Türkiyə və Azərbaycan birliyinin bir rəmzidir və konsepsiyanı təmənnasız olaraq şəhidlərin xatirəsinə həsr etmişik. Bir ananın iki qolu, bir amalın iki yolu. Biz bir millət, iki dövlətik. Konsepsiyanın özəlliyi ondadır ki, qeyri-adi formatda hazırlanıb. Layihədə elə texnologiyalardan istifadə olunacaq ki, dünyada bunun analoqu olmayacaq. Bildirim ki, konsepsiya milli atributlarımızı özündə əks etdirir. Muzey həm yerli, həm də xarici turistlər üçün nəzərdə tutulub. Hələ ki biz bunu konsepsiya olaraq ictimaiyyətə təqdim edirik. Buna görə də onun maliyyə tutumunu indidən demək mümkün deyil. Layihə təsdiqlənərsə, onun tikintisi həyata keçiriləcək. Muzey eyni anda 350-500-ə yaxın insan qəbul etmək gücündə olacaq”.
Qeyd edək ki, layihə müəllifi tərəfindən təqdim edilən konsepsiya “İstiqlal Zirvəsi” adlanır. Kompleks milli atributlarımızdan olan və türk dünyası simvollarını əks etdirən aypara və səkkizguşəli ulduz, ultramüasir, çoxmərtəbəli bina şəklində layihələndirilib. Kompleksin paytaxt Bakı şəhərinin ən yüksək yerində Teleqüllənin qərb istiqamətində tikilməsi planlaşdırılır. Landşaftın dairəvi formada olması gələcəkdə 8 Noyabr Zəfər marşı üçün hərbi zirehli texnikanın və insan kütləsinin bayram etməsinə kömək edə bilər. Kompleksin birinci mərtəbəsinin atrium hissəsində, döşəmədən nisbətən hündürdə yerləşən, dairəvi Turan birliyini əks etdirən gerb Azərbaycanın bayrağının üçrəngli simvolları ilə əhatə olunacaq. Bu simvolların üzərində Vətən müharibəsi şəhidlərinin adları əks olunacaq. Şəhidlərin adları Azərbaycan bayrağı üzərində fosfor tərkibli nano boya ilə yazılacaq. Bu simvolik gerbin üzərində, hündürlüyü 30 metr olan “Stace Performance Hologram” silindr nəzərdə tutulur. Bu silindr daxilində Ulu Öndər Heydər Əliyev, İlham Əliyev, Rəcəb Təyyub Ərdoğanın 7D formatında holloqrafik təsvirləri onların seçmə çıxış nitqləri ilə müşaiət olunacaq
30 metr hündürlüyündə olan Əbədi məşəl dünyanın ən böyük məşəli olacaq. Muzeydə həmçinin Ulu Öndər Heydər Əliyev irsinin öyrənilmə mərkəzi, Xocalı soyqırımı və 20 Yanvar qətliamı ilə bağlı zallar olacaq.
Xüsusi texnologiyalardan sayılan “Mat. Fuse.hololens” texnologiyaları ilə təchiz olunmuş Xocalı zalına xüsusi hərəkətli horizontal eskalatorlar vasitəsi ilə daxil olunacaq. Hərəkətli eskalatorlar üzərində olan insanlar 1 dəqiqə müddətində bu zaldan keçəcək.
7D sinema Zəfər muzeyinin Milli Qəhrəmanlarımıza və onların göstərdiyi şücaətə həsr edilməsi nəzərdə tutulur. Beləliklə xalq öz qəhrəmanlarını yaxından canlı olaraq tanıyacaq və “Real Time” izləyəcək. Bu format layihə dünyada bir yenilikdir.
Kompleksdə həmçinin smart muzey, smart kitabxana, smart rəsm qalereyası, Turan birliyi mərkəzi, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans, akt zalları və fərqli təyinatlı otaqların olması da planlaşdırılır.
Smart muzey elektron və vizual tablolarla təchiz ediləcək. Hərbi sənaye zalında isə hərbi texnikalarımızdan ibarət sərgi zalı olacaq.
Muzeydə həmçinin istiqlal mücadiləmizi əks etdirən filmləri nümayiş etdirmək üçün də zalların olacağı bildirilib.
Füzulinin Aşağı Veysəlli kəndi – Video

Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Veysəlli kəndinin videogörüntülərini yayımlayıb.
“Qafqazinfo” həmin görüntüləri təqdim edir:
Bu da Kəlbəcərin Qamışlı kəndi – Video

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Qamışlı kəndindən videogörüntülər yayıb.
“Qafqazinfo” həmin görüntüləri təqdim edir:
Qubadlıda xidmət edən hərbçilərə ərzaq məhsulları göndərilib – VİDEO

Ermənistanın işğalından azad edilən rayonlarda yerləşən Azərbaycan Ordusunun təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.
“Report” xəbər evrir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə bir neçə aydır davam edən dəstək aksiyası çərçivəsində Qubadlı rayonunda xidmət edən hərbi qulluqçulara zəruri ərzaq məhsulları göndərilib.
2399 bağlama Qubadlı rayonunda müxtəlif istiqamətlər üzrə əsgərlərə çatdırılıb. Ərzaq yardımı Xocavənd rayonundakı hərbi qulluqçular üçün də göndərilib. 2700-ə yaxın bağlama fərdi qaydada onlara təqdim olunub. Hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılması işləri davamlı olacaq.
Növbəti günlərdə işğaldan azad olunan digər ərazilərə də səfərlər təşkil ediləcək.
Həmçinin baxın
FHN dağlıq ərazidə yaşayanlara və səfər edənlərə xəbərdarlıq etdi – Video
Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyasının təqdimat mərasimi keçirilib – Video + Foto
Bizi Facebook-da izləyirsiniz?
Bağla